24 aprel

Netanyahu Bakıya nə vaxt, hansı məqsədlə gələcək?

İsrail mənbələri Baş nazir Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri ilə bağlı yeni təfərrüatları açıqlayıb. “The Times of Israel” qəzetinin iki müstəqil mənbəyə istinadən verdiyi məlumata görə, səfər may ayının ilk yarısında baş tutacaq.

Təhlil.az xəbər verir ki, Bakıda Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə Azərbaycanın Türkiyə və İsrail arasında Suriya məsələsi üzrə vasitəçilik rolu, Bakının “Avraam Sazişləri”nə qoşulma planları, həmçinin İsrail, Azərbaycan və ABŞ arasında ikitərəfli və üçtərəfli əlaqələrin gücləndirilməsi təşəbbüsləri müzakirə olunacaq.

Xatırladaq ki, yaxın günlərdə Bakıda İsrail və Türkiyə nümayəndələri arasında Suriyada toqquşmaların qarşısını almaq məqsədilə təhlükəsizlik məsələləri üzrə texniki məsləhətləşmələr keçirilib. Bundan əlavə, Azərbaycan Prezidenti Antalyada Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şara ilə görüşüb.

İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan kapitanı və Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Aleks Qrinberq “The Jerusalem Post” qəzetində dərc olunan məqaləsində yazır ki, Netanyahunun Bakıya gözlənilən səfəri Tehranda şok effekti yaradıb.

“Bu addım Azərbaycanın İsrail və Türkiyə arasında, xüsusilə Suriya kontekstində strateji körpü rolunun artmasını vurğulayır və geniş nəticələrə səbəb olacaq yeni geosiyasi dinamikanı göstərir. İran üçün bu inkişaf olduqca narahatedicidir. Tehran Bakının Yerusəlim və Ankara arasında vasitəçiliyini həm Levantdakı (Şərqi Aralıq dənizi ölkələrinin ümumi adı – red.), həm də Qafqazdakı nüfuzuna birbaşa təhdid kimi qiymətləndirir. Əsəd rejiminin çökməsi, İsrailin “Hizbullah”a vurduğu zərbələr İranı Suriyadakı əsas dayağından məhrum etdi. Türkiyənin bölgədəki mövqeyinin güclənməsi İranın özünü bərpa etmə şanslarını daha da azaldır”, – deyə müəllif qeyd edir.

Onun sözlərinə görə, Bakının Levantdakı işlərdə artan iştirakı rolun xarakterinin dəyişdiyini göstərir: İsrail və Azərbaycan artıq təkcə təhdidlərə reaksiya vermir, həm də İrandan gələn maraqlara təsir etmək üçün strateji və vasitəçi metodlardan getdikcə daha aktiv istifadə edir. Tehranın öz rəqiblərini proksi qüvvələr vasitəsilə lokal münaqişələrə cəlb etmək ümidləri xeyli zəifləyib.

“Asharq Al-Awsat”ın son hesabatında İsrailin Əsədsiz Suriyadakı strategiyasının regional tərəfdaşlarla birgə Tehranın hərbi mövcudluğunu ləğv etməyə yönəldiyi təsvir edilir. Əsəd rejiminin zəifləməsi və Rusiyanın Ukraynadakı müharibə səbəbindən nüfuzunun azalması ilə Azərbaycan – müsəlman əksəriyyətli, həm İsrail, həm də Türkiyə ilə sıx əlaqələri olan ölkə – potensial vasitəçi kimi ortaya çıxıb.

“Bakı, Qüds və Ankara arasında qeyri-rəsmi, lakin strateji üçbucaq Suriya teatrını dəyişə bilər. Azərbaycanın İsrail ilə sıx hərbi və kəşfiyyat əlaqələri ona unikal təsir rıçaqları verir. Suriyadakı nüfuzunun hər hansı formada zəifləməsi İran üçün qırmızı xəttdir. İslam Respublikası onilliklər boyu “Hizbullah” tərəfindən dəstəklənən Tehrandan Livanadək quru körpüsü qurub. Suriyanın itirilməsi strateji baxımdan böyük geriləmə olacaq. Bakının İsrailə yaxınlaşması həm də simvolik əhəmiyyətə malikdir. Onun Vaşinqtonun regional normallaşma təşəbbüsü olan “Avraam Sazişləri”nə qoşulması müsəlman-israil əməkdaşlığında mühüm mərhələ olardı”, – Qrinberq qeyd edir.

Müəllif hesab edir ki, əgər Bakı İsrail-Türkiyə əməkdaşlığında uğurlu vasitəçi olarsa, İran İraq və Livan arasında həyati dəhlizini itirəcək ki, bu da onun bölgədəki mövqeyini və “Hizbullah” üçün təchizat imkanlarını zəiflədəcək.

haqqin.az

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.