Ermənistanda hakimiyyət-kilsə qarşıdurması kəskinləşir - MƏQALƏ

Bir müddətdir Ermənistanı çalxalayan hakimiyyət-kilsə qarşıdurması hər gün yeni fazaya qədəm qoyur. Baş verən hadisələr göstərir ki, tərəflərin heç biri geri çəkilmək niyyətində deyil. Baş nazir Nikol Paşinyan isə hədəfinə nail olmaq, hakimiyyətini qorumaq üçün sona qədər gedəcəyinin anonsunu verib.
Ermənistanda baş verən siyasi təlatümlərdən faydalanan erməni müxalifəti isə iyulun 4-də iş adamı Samvel Karapetyanın müdafiəsi üçün təşkil edilən yürüşdən özünə pay çıxarmaq üçün səfərbər olub. Artıq bir sıra fraksiya və siyasi qüvvələr bu aksiyaya qoşulmağı hədəfləyiblər. Maraqlıdır ki, bu yürüşdə müxalifətin və Samvel Karapetyanın tərəfdarlarının ən böyük ümidi Apostol kilsəsinin dəstəyidir. Kilsə isə altdan-altdan bu tip aksiyaların, küçə yürüşü və mitinqlərin keçirilməsində maraqlı olduğunun siqnalını verib. Elə bu səbəbdən də son günlər Baqrat Qalstanyanın səs yazısı ilə bağlı qalmaqalın böyüməsi fonunda bir sıra siyasi dairələr arxiyepiskopun dediklərinin başqa mənada olduğunu, səs yazısının montaj edildiyini bildirirlər. Bu da sadə insanlarda kilsəyə qarşı inamı və inancı daha da gücləndirmək, daha çox tərəfdar toplamaq məqsədini güdür.
Paşinyan komandası da baş verənləri diqqətlə izləyərək, belə tip etirazların qarşısını almaq üçün müəyyən addımlar atır. Məsələn, bu gün Ermənistan parlamentində Seyran Ohanyanın deputat mandatından məhrum edilməsi ilə bağlı baş prokuror tərəfindən təqdimat verilib. İddia edilir ki, müdafiə naziri olduğu dövrdə Ohanyan böyük bir ərazini mənimsəyib və nazirliyin büdcəsi hesabına özünə mülk tikdirib. Onunla yanaşı, işdə digər deputat, Artsvik Minasyanın da adı çəkilir. Onunla bağlı da baş prokuror tərəfindən təqdimatın veriləcəyini ehtimal etmək olar.
Bundan əlavə, Nikol Paşinyan yeni katalikosun seçilməsi üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib. Bu isə müxalifəti və Apostol kilsəsini öz silahı ilə vurmaq deməkdir. Hökumətin məqsədi sadədir, Eçmiədzinə öz adamını gətirmək, kilsəni istədiyi kimi idarə etmək. Bir müddətdir kilsənin ali ruhaniləri tərəfindən Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması, yeni seçkilərin keçirilməsinin təklif edilməsi ilə yanaşı, müxalifətin impiçment məsələsini gündəmə gətirməsi, baş nazir postuna bir neçə nəfəri nazir kimi təqdim etməsi hakim partiyanın diqqətindən yayınmayıb. Bu səbəbdən də verilən göstərişlə nüfuzlu deputatların mandatının ləğvi, liderlərə qarşı yeni cinayət işlərinin açılması, kilsəyə qarşı isə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tezislər irəli sürülüb. Bütün bu plan və göstərişlər xalq arasında çaşqınlıq yaratmaq, parçalanmaya, fikir ayrılıqlarına səbəb olmaq, müxalifətin vahid komanda kimi birləşməsinin qarşısını almaqdır. Vəziyyətə nəzarət etmək üçün isə bir sıra addımlar artıq atılıb. Məsələn, iyulun 4-nə təyin edilən yürüşün idarəolunması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verilib. Ehtimal etmək olar ki, bu yürüşdə elə hakimiyyətin bir sıra nümayəndələri iştirak edə bilər. Əgər vəziyyət nəzarətdən çıxsa, bütün məsuliyyət polisin üzərində olacaq. Paşinyan anlayır ki, iş adamının tərəfdarları, vaxtilə pul ilə “yemlədiyi” müxalif qüvvələr çoxdur, bu səbəbdən də polisə konkret göstəriş verilib. Eyni zamanda deputat Artur Sarkisyanın da həbsinə dair əmr verilib.
Baqratla məsələdən fərqli olaraq, II Qaregin Şirak arxiyepiskopu Mikayel Ajapahyanın müdafiəsində və digər məsələlərdə şəxsən iştirak edir. Bu isə onu deməyə əsas verir ki, artıq II Qaregin də bıçağın sümüyə dirəndiyini hiss edib və sona qədər mübarizə aparmaq niyyətindədir.
Hikmət Həsənov