“Yeni təkər bazarı” yandı - VİDEO

Bu gün paytaxtın Nizami rayonunda yerləşən “Yeni təkər bazarı”nda yanğın baş verib.
Təhlil.az xəbər verir ki, hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub.
Məlumatı alan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Yanğının küləkli hava şəraitində sürətlə yayılma riski yüksək olsa da, operativ müdaxilə nəticəsində alovun bazarın digər hissələrinə keçməsinin qarşısı alınıb.
Əməli qiymətləndirmə zamanı məlum olub ki, alov bir-birinə bitişik şəkildə tikilmiş 3 avtomobil ehtiyat hissələri mağazasını əhatə edib. Ümumi sahəsi 200 kv.m olan bu obyektlərin 90 kv.m-lik hissəsi, yaxınlıqdakı 5 kv.m-lik gözətçi köşkü və 0.1 kubmetr taxta altlıqlar yanıb.
Yanğın qısa müddətdə lokallaşdırılıb və ətrafdakı digər obyektlər, eləcə də park edilmiş avtomobillər xilas edilib.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək güclü küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına daha ciddi şəkildə əməl etməyə çağırıb. Çünki bir anlıq səhlənkarlıq böyük fəsadlara yol aça bilər.