Bu gün

Hansı peşələr sizi işsiz qoymayacaq?

Texnologiyalar dəyişir, peşələr də dəyişir, amma hamısı yox.

Təhlil.az xəbər verir ki, bu, əmək bazarı üzrə rusiyalı ekspert Yekaterina Ağayevanın yanaşmasıdır. 

O bildirib ki, yaxın illərdə bəzi sahələr nə qədər sürətlə yenilənsə də, müəyyən ixtisaslar hələ uzun müddət “təhlükəsiz zonada” qalacaq.

Onun fikrincə, bu siyahının başında texnologiya sahəsi dayanır. Süni intellektin sürətlə yayılması, biznes proseslərinin avtomatlaşdırılması proqramçılara, texniki dəstək mütəxəssislərinə və kibertəhlükəsizlik üzrə kadrlara ehtiyacı daha da artırır. Yəni texnologiya nə qədər inkişaf etsə də, onu idarə edən insanlara ehtiyac azalmaq əvəzinə artır.

Amma məsələ təkcə IT ilə bitmir. Ağayeva mühəndislik və müxtəlif işçi ixtisaslarının da hələ uzun müddət aktual qalacağını deyir. Bu sahələrdə artıq indi kadr çatışmazlığı hiss olunur və yaxın illərdə bu boşluğun daha da böyüməsi gözlənilir.

Digər tərəfdən, robotların hələ də əvəz edə bilmədiyi bir sahə var ki, o da insanla ünsiyyətdir. Həkimlər, tibb bacıları, psixoloqlar kimi peşələrdə əsas rol empatiya və emosional zəka oynayır. Süni intellekt isə bu xüsusiyyətlərdə hələ kifayət qədər “insanlaşmayıb”. Bu səbəbdən belə peşələr risk altında deyil.

Ekspert hesab edir ki, logistika və nəqliyyat sahəsi də sabit qalan istiqamətlər sırasındadır. Qlobal ticarət və daşımalar artdıqca bu sahədə çalışanlara ehtiyac da davam edəcək.

Onun sözlərinə görə, təhsil tamamilə yox olmayacaq, sadəcə formasını dəyişəcək. İnsanlar yeni reallıqlara uyğunlaşmaq üçün davamlı öyrənməyə məcbur olacaq. Bu isə mentorlara, təlimçilərə və korporativ təhsil mütəxəssislərinə olan tələbatı artıracaq.