Bu gün

Ərdoğanın "Hitler" mesajı kimə ünvanlanıb? - TƏHLİL

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın son çıxışında istifadə etdiyi "Hitler" bənzətməsi regional geosiyasətdə yeni bir gərginlik dalğasının və diplomatik şifrələrin xəbərçisidir.

Ərdoğanın konkret hədəf göstərmədən etdiyi bu müqayisə, əslində Yaxın Şərqin iki bir-birinə düşmən olan ölkələrinə - İsrail və İran rəhbərliyinə yönəlmiş "örtülü xəbərdarlıq" kimi qiymətləndirilməlidir.

Adı çəkilməyən "Müasir Hitler": Niyə konkretlik yoxdur?

Ərdoğanın konkret ad çəkməməsi peşəkar diplomatik gedişdir. Bu, "hər kəs öz payını götürsün" taktikasının təzahürüdür. Hitler bənzətməsi burada iki mühüm komponenti birləşdirir: idarəolunmaz ambisiyalar və öz xalqını fəlakətə sürükləmə. Türkiyə lideri mesajını elə bir universal çərçivəyə salır ki, bu təsvir həm Qəzzada hərbi əməliyyatları davam etdirən İsrail rəhbərliyinə, həm də regional proksi müharibələri ilə gərginliyi artıran İran elitasına eyni dərəcədə uyğun gəlir.

Ərdoğanın "siyasi ömrünü uzatmaq üçün sülhü pozanlar" ifadəsi, birbaşa İsrailin ən uzunmüddətli Baş naziri olan Benyamin Netanyahuya işarə ola bilər.

Fasilələrlə ümumilikdə 20 ilə yaxın (1996-1999 və 2009-cu ildən bəri) hakimiyyətdə olan Netanyahu, bu gün daxili siyasətdəki korrupsiya ittihamları və kütləvi etirazlar fonunda öz mövqeyini qorumaq üçün hərbi eskalasiyadan bir qalxan kimi istifadə edir. Ərdoğan vurğulayır ki, Hitlerin də nəzarət edə bilmədiyi ambisiyaları onu və xalqını fəlakətə sürüklədiyi kimi, şəxsi siyasi maraqlar naminə regionu qana bulayanlar da eyni aqibətlə üzləşəcəklər.

Digər tərəfdən, mesajın digər ucu İranın teokratik rəhbərliyinə uzanır. Burada söhbət həm ideoloji ambisiyalardan, həm də hakimiyyətin "əvəzolunmazlığı" illüziyasından gedir.

1979-cu il inqilabından sonra ölkəni 10 il idarə etmiş Seyid Ruhullah Xomeynidən sonra hakimiyyətin 37 il Seyid Əli Xameneinin əlində cəmləşməsi, onun ABŞ-İsrail qüvvələrinin zərbəsi nəticəsində ölümü və dərhal sonra oğlu Seyid Müctəba Xameneinin atasının irsini davam etdirərək varis kimi siyasi səhnədə möhkəmlənməsi, Ərdoğanın “hakimiyyət keçicidir” xəbərdarlığı ilə tam üst-üstə düşür.

Ərdoğan yalnız hərbi təhlükəni deyil, həm də hakimiyyəti ailə və ya dar bir elit qrup daxilində saxlayaraq xalqın iradəsini boğan rejimlərin sonunun acı olacağını qeyd edib. Hitler də Almaniyanı "minillik imperiya" xəyalı ilə fəlakətə sürükləmişdi, lakin nəticədə öz vətəndaşlarını xarabalıqlar altında qoydu.

Ərdoğan vurğulayıb ki, siyasi məqsədlər naminə sülhü qurban verənlər sonda bunun acı nəticələri ilə üzləşəcəklər. Onun sözlərinə görə, tarixdə bunun saysız nümunələri var və bu gün eyni yolu seçənlər həm insanlığa, həm də öz xalqlarına qarşı çıxmış olurlar. Onun dedikləri həm Netanyahunun onilliklərdir davam edən siyasi hegemonluğuna, həm də İranın inqilabdan bəri köklənmiş sarsılmaz görünən rəhbərlik strukturuna bir mesajdır.

Ərdoğan Hitleri nümunə gətirərkən onun sadəcə zalım olduğunu deyil, həm də "öz xalqını qurban verdiyini" vurğulayır. Bu, bu gün regionda həm İsrailin, həm də İranın apardığı proksi və birbaşa müharibələrin dinc sakinləri, həm öz vətəndaşlarını, həm də qonşuları necə böyük təhlükəyə atdığının analitik xülasəsidir.

Ərdoğanın "Hitler" mesajı bir tərəfdən Netanyahunun uzunmüddətli və qalmaqallı hakimiyyətini, digər tərəfdən isə İrandakı Xomeyni irsinin və varislik iddialarının regional sabitliyi təhdid edən tərəflərini hədəf alır. Türkiyə lideri bu örtülü mesajla bəyan edir ki, tarixi təkrar etmək istəyənlər, tarixin ən ağır dərsləri ilə üzləşməyə hazır olmalıdırlar. Sülh və ədalət gec-tez hər kəsə, hətta bu gün onu ayaqlar altına alanlara da lazım olacaq.

Azadxan Axundov