"COVID" illər sonra geri qayıda bilər? - Alimlər xəbərdarlıq edir

Bəzən xəstəlik keçir, amma izi qalır. İndi isə alimlər deyir ki, bu izlər düşündüyümüzdən daha ciddi ola bilər.
Son araşdırmalar göstərir ki, ağır keçirilmiş COVID-19 və ya qrip infeksiyası təkcə həmin dövr üçün risk daşımır – illər sonra belə təsirini göstərə bilər. Söhbət artıq ağciyər xərçəngi riskindən gedir.
Məsələ ondadır ki, şiddətli virus infeksiyaları ağciyərlərdəki immun sistemin “balansını” pozur. Normalda bədəni qoruyan hüceyrələr – makrofaqlar və neytrofillər – funksiyasını dəyişərək xroniki iltihab mühiti yaradır. Bu isə bədxassəli şişlərin inkişafı üçün əlverişli zəminə çevrilə bilər.
Araşdırmanın ən diqqətçəkən tərəfi isə risk qrupunun dəqiq müəyyən olunmasıdır. Xəstəliyi ağır keçirərək xəstəxanada müalicə alan şəxslərdə ağciyər xərçəngi riski 1.24 dəfə artır. Yüngül keçirənlərdə isə belə bir əlaqə müşahidə olunmayıb.
ABŞ-da fəaliyyət göstərən Virciniya Universitetinin alimləri bildirir ki, virus infeksiyası zamanı yaranan uzunmüddətli iltihab sanki “səssiz proses” kimi davam edir və illər sonra nəticəsini göstərir. Bu səbəbdən mütəxəssislər xüsusilə ağır xəstəlik keçirmiş şəxslərin sonrakı illərdə də tibbi nəzarətdə qalmasını vacib sayır.
Amma bu mənzərədə bir ümidli detal da var: peyvəndləmə. Alimlərin fikrincə, vaksinlər yalnız xəstəliyin ağır keçməsinin qarşısını almır, eyni zamanda gələcəkdə yaranacaq bu cür riskləri də əhəmiyyətli dərəcədə azalda bilər.