Azərbaycanın "təhlükəsiz səma" strategiyası və artan gücü - ŞƏRH

Bu gün Avropa və Asiya arasındakı uçuşların xəritəsinə nəzər saldıqda, Azərbaycan üzərindən keçən hava dəhlizinin nə dərəcədə kritik olduğunu görmək mümkündür. Müasir dünyada münaqişələrin coğrafiyası genişləndikcə, beynəlxalq aviaşirkətlər üçün "təhlükəsiz liman" axtarışı aktuallaşır və bu nöqtədə Azərbaycan öz etibarlılığını dəfələrlə sübut etmişdir.
Azərbaycanın hava məkanının təhlükəsizliyi təsadüfi deyil, uzunmüddətli və qətiyyətli siyasətin nəticəsidir. Daha öncə ABŞ və İran arasında baş verən və tarixə "12 günlük müharibə" kimi düşən hərbi qarşıdurma zamanı regionun bir çox ölkəsinin səması mülki uçuşlar üçün riskli zonaya çevrilsə də, Azərbaycan öz hava məkanının tam təhlükəsizliyini təmin etdi. Hazırda regionda davam edən mürəkkəb hərbi-siyasi proseslərə baxmayaraq, Azərbaycan səması qlobal uçuşlar üçün ən etibarlı marşrut olaraq qalır. Bu, ölkəmizin hava hücumundan müdafiə sistemlərinin gücü və beynəlxalq hüquqa sadiqliyi ilə birbaşa bağlıdır.
Azərbaycanın stabilliyinin təməlində onun şəffaf və proqnozlaşdırılan xarici siyasəti dayanır. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməsinə icazə verməyəcək. Bu, ABŞ və İsrail kimi qlobal güclərlə münasibətlərdə belə dəyişməz qalan "qonşuya zərər verməmə" prinsipidir. Azərbaycanın bu xoş niyyətinə və neytrallığına rəğmən, qarşı tərəfin (İranın) mülki obyektləri heç bir əsas olmadan hədəf alması onların nankor və riyakar simasını göstərir. Bu cür təxribatlar Azərbaycanın regionda yaratdığı sülh və sabitlik mühitini sarsıtmaq məqsədi güdsə də, Bakının soyuqqanlı strateji gedişləri bu planları boşa çıxarır. Azərbaycan dövləti ona qarşı yönələn təhdidlərə və nankorluğa hərbi güclə deyil, mənəvi güclə cavab verir. Prezident İlham Əliyevin tapşırığı ilə bu gün İrana göndərilən humanitar yardım, Azərbaycanın regional güc olduğunu və humanizmini nümayiş etdirir. Azərbaycanın bu hərəkətləri düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın stabilliyi təkcə bir ölkənin uğuru deyil, Avrasiya materikinin nəqliyyat və enerji təhlükəsizliyinin qarantıdır. Avropa-Asiya logistikasının fasiləsizliyi Azərbaycan səmasının açıq olmasından asılıdır. Azərbaycan radikalizmin və xaotik qüvvələrin regionda yayılmasının qarşısında dayanan ən güclü bənddir. Həmçinin ölkəmiz regional münaqişələrin içində deyil, onların həllində və humanitar böhranların aradan qaldırılmasında aktiv rol oynayır.
Azərbaycan öz ərazisini və səmasını hər cür təhdiddən qoruyaraq, dünyaya sübut edir ki, ən çətin zamanlarda belə güvəniləcək tək ünvan məhz stabillik adası olan Bakıdır. Bundan əlavə, Azərbaycan bu gün dünyada humanizm, güc və uzaqgörənlik üçbucağının mərkəzində dayanır. Molla rejiminin təxribatları fonunda nümayiş etdirilən bu mövqe, Azərbaycanın regionda sadəcə bir oyunçu deyil, ədalətin və təhlükəsizliyin əsas təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirir.
Azadxan Axundov