"Opel" sahiblərinə çağırış: hava yastıqları partlaya bilər

Alman avtomobil istehsalçısı Opel 2003–2018-ci illər arasında istehsal edilmiş bir sıra modellərini təhlükəli hava yastıqları səbəbindən kütləvi şəkildə geri çağırdığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, söhbət Astra, Mokka, Zafira, Vectra, Cascada, Meriva və Signum modellərindən gedir.
Şirkətin yaydığı məlumata görə, problem “Takata” istehsalı hava yastıqları ilə bağlıdır. Texniki qüsurun əsas səbəbi yastıqların içində istifadə olunan ammonium-nitrat maddəsinin zamanla stabilliyini itirməsidir. Bu isə qəza zamanı hava yastığının normal açılması əvəzinə partlamasına və salon daxilinə metal qırıntıları saçmasına səbəb ola bilər.
Mütəxəssislərin bildirdiyinə görə, analoji qüsur dünya üzrə artıq onlarla insanın həyatına son qoyub. Bu səbəbdən Opel avtomobil sahiblərini rəsmi servis mərkəzlərinə müraciət edərək təhlükəsizlik yoxlamasından keçməyə çağırıb.
Qeyd edək ki, “Takata” qalmaqalı son illərdə avtomobil sənayesində ən böyük təhlükəsizlik böhranlarından biri hesab olunur. İndi isə bu problem məşhur “alman keyfiyyəti” imicinə də ciddi zərbə vurur.