“Separatçı liderlərin məhkəməsi digər dövlətlər üçün presedentdir” - RƏY

“Azərbaycanda Qarabağ separatçılarının liderləri və rusiyalı milyarder Ruben Vardanyan üzərində başa çatan məhkəmə proseslərini Qarabağ qarşıdurmasının məntiqi yekunu hesab edirəm”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında “A+Analytics” araşdırma mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov deyib.
Münaqişənin Cənubi Qafqazda necə başlamasını xatırladan politoloq söyləyib ki, bu qarşıdurmanı hərbçilər yox, başqa çevrələr başlatmışdı.
Onun sözlərinə görə, bu müharibənin əsas təşəbbüskarları erməni yazıçıları, ideoloqları və ziyalıları olub.
“Vaxtilə bir sıra erməni yazıçıları “miatsum”, yəni vahid Ermənistan ideyasını irəli sürmüşdülər. Bu addım son dərəcə mənfi rol oynadı, çünki erməni cəmiyyətində, o cümlədən Ermənistan əhalisi arasında ərazi ekspansiyası istəklərini alovlandırdı. Başqasına məxsus torpaqları birləşdirmək və onlar üzərində nəzarət qurmaq arzusu formalaşdırdı. Bu ideyaları irəli sürənlər gələcəkdə yarana biləcək dərin mənfi nəticələri düşünmədilər. Bunun nəticəsində zəncirvari şəkildə digər ölkələrdə də separatçı rejimlər meydana çıxdı ki, bu da beynəlxalq hüquqa və BMT-nin beynəlxalq müqavilələrinə zidd idi. Nəticədə Yerevan beynəlxalq səviyyədə tanınmış Ermənistan–Azərbaycan dövlət sərhədini pozdu. Yalnız 30 ildən sonra Bakı öz gücü ilə əraziləri üzərində nəzarəti bərpa edə bildi”, - deyə politoloq vurğulayıb.
O qeyd edib ki, ustəlik, daha böyük hərbi gücə malik olmasına baxmayaraq, Azərbaycan Ermənistanın sərhədlərini pozmadı:
“Yəni Bakı işğal olunmuş torpaqlarına görə qisas almaq və Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək imkanına malik idi. Lakin Azərbaycan beynəlxalq hüquqa tam uyğun şəkildə hərəkət etdi və bir santimetr belə özgə torpağı işğal etmədi. Bakı öz əraziləri üzərində nəzarəti tam bərpa etdi və bununla kifayətləndi”.
F.Kasenov vurğulayıb ki, Bakıda başa çatan məhkəmə prosesi 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərmiş cinayətkar separatçı rejimin rəhbərləri üzərində məhkəmədir.
“Bu, digər dövlətlər üçün də çox mühüm presedentdir və onlara öz ərazilərini bərpa etməyin və işğal olunmuş torpaqlarda fəaliyyət göstərən separatçı rejim rəhbərlərini qanuni əsaslarla məsuliyyətə cəlb etməyin mümkün olduğuna dair ümid verir. Mən Azərbaycan xalqının kədərini dərindən bölüşürəm, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi hərbi cinayətləri qəbuledilməz hesab edirəm. Hərbi cinayətkarlar üzərində məhkəmə gələcəkdə bu kimi halların təkrarlanmaması baxımından son dərəcə vacibdir”.
Xocalıda baş verənlərlə Ukraynanın Buça şəhərində baş verənlər arasında böyük oxşarlığın olduğunu xüsusi vurğulayan eskpert söyləyib ki, hər iki şəhərdə çoxlu sayda mülki şəxs qətlə yetirilib:
“Onlar hərbçi deyildilər. Həm Xocalıda, həm də Buçada mülki qadınlar, qocalar və uşaqlar işgəncələrə məruz qalıb, güllələniblər. Ukrayna da bu gün öz ərazisində törədilən cinayətlərin sənədləşdirilməsi istiqamətində, o cümlədən xarici mütəxəssislərin iştirakı ilə geniş iş aparır”.
Rasim Babayev