“Qarabağ separatçılarının yeri Bakıdakı həbsxanadır” - AÇIQLAMA

“Bəzi xarici aktorların Qarabağ separatçılarının Ermənistana qaytarılmalı olduğunu deməsi gülməlidir. İrəvan bu insanları, xüsusilə də Ruben Vardanyanı istəmir. Qarabağ separatçı rejiminin cinayətkar simaları olan, üstəlik Rusiya agenti kimi təqdim edilən Ruben Vardanyan kimi toksik fiqurlar Ermənistana nə üçün lazımdır? Ermənistanın hazırkı hakimiyyətinə bu şəxslər qətiyyən lazım deyil".
Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.
O bildirib ki, sözügedən şəxslər yalnız bəzi üçüncü ölkələrdə, o cümlədən ABŞ, Fransa və ya Rusiyadakı erməni diasporunun iştirakı ilə bölgəmizdə azərbaycanlı və erməni xalqları arasında yeni münaqişə ocağının toxumlarını yenidən səpməyə cəhd etmək istəyənlərə lazım ola bilər:
"Bu şəxslər erməni-azərbaycan münaqişəsinin yeni mərhələsini alovlandırmaq üçün yanacaq rolunu oynaya bilər. Buna görə də onlar üçün ideal yer hazırda olduqları yerdir – yəni Bakıdakı həbsxana. Düşünürəm ki, əgər onlar, o cümlədən Ruben Vardanyan hansısa “missiya” yerinə yetirmək istəyirlərsə, bəlkə də bu missiya ondan ibarətdir ki, yüz ilə yaxındır xalqlarımız arasında qanlı müharibə və qarşıdurmalara səbəb olan nasist xarakterli bu münaqişənin bütün “zibilini” özləri ilə aparsınlar”.
Tarixçi söyləyib ki, Rusiya, İran, Fransa, Hindistan və bir sıra digər ölkələr yeni reallıqlar fonunda bölgədə qarışıqlıq yaratmağa və bundan faydalanmağa çalışıblar:
“Lakin buna nail ola bilmədilər. Azərbaycan dəfələrlə Fransaya yeni regional reallıqları tam şəkildə qəbul etməyi və bu əsasda qarşılıqlı faydalı əməkdaşlıq qurmağı təklif edib. Ancaq Paris ölməkdə olan erməni millətçiliyinə və Qarabağ münaqişəsinə söykənməyi seçdi və uduzdu. Fransa səhv seçim etdiyi üçün uduzdu. Eyni şəkildə Almaniya, Rusiya, İran və Hindistan da uduzdu. Onların hamısı yeni münaqişənin alovlanmasına ümid edirdi. Reallığı qəbul edənlər isə yaxşı mənada bu proseslərin iştirakçısına, yeni regional layihələrin tərəfdaşına çevrildilər".
R. Hüseynov qeyd edib ki, məhz Azərbaycanın Fransadan və digər ölkələrdən qaynaqlanan anti-Azərbaycan isterikasına qarşı duruş gətirməsi nəticə etibarilə supergüc ABŞ-nin ən optimal əməkdaşlıq modelini təklif etməsi ilə nəticələndi:
"ABŞ supergücdür, elə deyilmi? Məncə, bundan yuxarı güc yoxdur. Bu, Azərbaycanın, onun müttəfiqlərinin və tərəfdaşlarının uğurudur.
Bu, həm də Bakı və İrəvanın uğurudur. Onlar fasiləni saxlaya bildilər, Donald Trampın hakimiyyətə qayıdışını və yeni geosiyasi reallıqlarla işləməyə hazır olan transmilli maraqların formalaşmasını gözlədilər, həmin reallıqları dəyişməyə çalışmadılar”, – deyə, o əlavə edib.
Rasim Babayev