12 fevral

Ekspert: “Strateji Xartiya Vaşinqtonla mümkün olan ən yüksək formatdır” - RƏY

“Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası ümumiyyətlə Vaşinqtonla imzalana biləcək ən yüksək səviyyəli sənədlərdən biridir”.

Bu fikri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.

O bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası iki bərabər tərəfdaş arasında strateji əməkdaşlıq haqqında sənəddir: “Bu, bir ölkənin tabe, digərinin isə əmr verən tərəf olduğu format deyil. Məhz buna görə də bu format xüsusi maraq doğurur”.

R. Hüseynov söyləyib ki, Azərbaycan artıq təkcə ABŞ hərbi şirkətləri ilə deyil, həm də Vaşinqtonun nəzarətində olan Avropa şirkətləri ilə bir sıra müqavilələr imzalayıb:

“Artıq belə bir məlumat da yayılıb ki, Bakı təxminən 50 və ya daha çox İsveç istehsalı olan qırıcı təyyarə alacaq. Həmin təyyarələrin mühərrikləri isə Amerika şirkətləri tərəfindən istehsal olunur. 907-ci düzəliş qüvvədə olduğu dövrdə biz hətta ikinci və ya üçüncü ölkələrdən hərbi texnologiya almaq imkanını belə düşünə bilməzdik. Çünki həmin məhsullarda ABŞ tərəfindən patentləşdirilmiş hər hansı komponent mövcud idisə, bu, belə alış imkanlarını məhdudlaşdırırdı”.

Ekspert vurğulayıb ki, ABŞ ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan müasir katerlər də əldə edəcək.

“Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından həssas məkanın Xəzər dənizi olduğunu nəzərə alsaq, Bakı ilə Vaşinqton arasında hərbi-texniki əməkdaşlığın əsas istiqaməti məhz Xəzərdə dayanıqlı üstünlüyün təmin edilməsi ilə bağlı olacaq. Eyni zamanda, biz heç kimin maraqlarına toxunmayacağıq, lakin kiminsə öz maraqlarını bizim hesabımıza təmin etməsinə də imkan verməyəcəyik”, - deyə o qeyd edib.

R. Hüseynov vurğulayıb ki, Xəzərdə üstünlük eyni zamanda Mərkəzi Asiya ölkələri istiqamətində strateji dərinlik, perspektivli tranzit və nəqliyyat layihələri baxımından da əhəmiyyət kəsb edir:

“Strateji Tərəfdaşlıq Xartiyasının digər mühüm istiqaməti tranzit-iqtisadi ölçüdür. Bu sənəd Azərbaycana həm türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində, həm də əsas hissəsi Ermənistanın Zəngəzur bölgəsindən keçəcək Orta Dəhliz layihəsi kontekstində öz layihələrini inamla həyata keçirməyə imkan verir. Söhbət TRIPP, yəni zəmanətçisi artıq Rusiya deyil, ABŞ olan marşrutdan gedir. Rusiya 2020-ci ildən sonra özünü bu prosesin təminatçısı kimi təqdim edirdi”.

Politoloq Xartiyanın üçüncü ölçüsünün investisiya istiqaməti olduğunu da dilə gətirib:

“Biz Bakıya dünyanın aparıcı şirkətlərinin nümayəndələrinin gəldiyini gördük. Həmin şirkətlər ki, biz onları daim reklamlarda görürük. Hətta dünyada ən böyük transmilli korporasiyaların nümayəndələri də burada idi. Hansı ki, bu şirkətlərin nümayəndələri İrəvanda yox, məhz Bakıda toplaşmışdılar”.

Rasim Babayev

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?