10 fevral

Ekspert: "ABŞ ilk dəfə Cənubi Qafqaza “təkliflər paketi” ilə daxil olur" - AÇIQLAMA

“ABŞ-nin vitse-prezidenti Ceyms De Vensin regiona səfəri yaxın və orta perspektivdə Azərbaycan–ABŞ və Ermənistan–ABŞ münasibətlərinin arxitekturasının müəyyənləşdirilməsinə yönəlib”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında “Xəzər Məkan Analizi Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, hazırda Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi formalaşır və ABŞ faktiki olaraq bu prosesdə birbaşa iştirakını rəsmiləşdirir:

“Yəni artıq əvvəlki kimi müşahidəçi qismində deyil, regionda kiçik bir maraq sahəsi tutmağa çalışan tərəf kimi də yox, bütün regional proseslərin tamhüquqlu iştirakçısı kimi çıxış edir”.

Politoloq vurğulayıb ki, Vaşinqtonun Cənubi Qafqaz ölkələri ilə münasibətləri tarixində bu, ilk belə haldır:

“İlk dəfədir ki, ABŞ-nin regionda maraqları təkcə neft-qaz sahəsi ilə məhdudlaşmır. Halbuki Amerika şirkətləri əvvəl də neft-qaz yataqlarının işlənməsində fəal iştirak edir və bundan pay alırdılar. İlk dəfədir ki, Vaşinqton birbaşa infrastruktur layihəsində, xüsusilə TRIPP layihəsində iştirak edir. İndiyədək regiondan kənar hər hansı oyunçunun bu cür layihədə tamhüquqlu iştirakçı olması müşahidə olunmayıb”.

İ. Vəlizadə qeyd edib ki, adətən bu tip layihələr regional oyunçuların adı ilə əlaqələndirilirdi: “Amma indi görürük ki, ABŞ bu infrastruktur layihələrində fəal iştirak etməyə çalışır. Üstəlik, söhbət təkcə TRIPP-dən getmir. Ermənistan məsələsinə gəldikdə isə, ABŞ orada kiçik atom elektrik stansiyalarının inşasını planlaşdırır ki, bu da özlüyündə iri infrastruktur layihəsidir”.

O vurğulayıb ki, ABŞ üçün regionumuz hər zaman Rusiyanın maraq zonası kimi qiymətləndirilib.

"Amma bu gün Vaşinqton ilk dəfə olaraq Cənubi Qafqaza öz təkliflər paketi ilə daxil olur. Azərbaycan üçün isə xüsusilə ABŞ ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Məncə, ilk dəfə olaraq bu əməkdaşlıq epizodik xarakter daşımayacaq. Əvvəllər ABŞ əsasən region ölkələrinə, o cümlədən Azərbaycanın təhlükəsizliyinin təmin olunması məsələlərində dəstək verirdi. İndi isə böyük ehtimalla silah və hərbi texnika alışı baş tutacaq. Çünki Tramp son açıqlamasında ABŞ-nin Azərbaycana müdafiə təyinatlı məhsullar, o cümlədən bronjiletlər, katerlər və digər avadanlıqlar satmağı planlaşdırdığını qeyd edib”, – deyə İlqar Vəlizadə əlavə edib.

Rasim Babayev

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?