12 aprel

ABŞ rəsmisi Ukraynanın ikiyə bölünməsini təklif etdi

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq  bildirib ki, sülh sazişi çərçivəsində Ukrayna “İkinci Dünya Müharibəsindən sonra Berlinin bölünməsi kimi” bölünə bilər.

Təhlil.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

O ehtimal edib ki, ölkənin qərb hissəsinə Britaniya və Fransa qoşunları nəzarət edə bilər.

“Onların arasında isə Ukrayna qoşunları və demilitarizasiya olunmuş zona olacaq”, – deyə Kelloq qeyd edib.

O izah edib ki, Ukrayna və Rusiya orduları arasında 18 mil (təxminən 29 km) genişliyində buffer zona yaradılması təklif olunur.

Kelloq əlavə edib ki, Britaniya və Fransa qərb nəzarət zonasına rəhbərlik edə bilər.

Onun sözlərinə görə, Dnepr çayının qərbində – bu çay Ukraynanı şimaldan cənuba bölür və Kiyevdən keçir – anglo-fransız qüvvələrinin yerləşdirilməsi Moskva üçün “heç də təxribat xarakterli olmayacaq”.

Kelloq onu da vurğulayıb ki, ABŞ yerüstü qoşun göndərməyəcək, lakin koordinasiyada iştirak edə bilər.

O qeyd edib ki, Avropa, əgər müstəqil hərəkət etməyə hazır deyilsə, ABŞ-dan hərbi dəstək gözləməməlidir.

Sonda Kelloq bildirib ki, atəşkəs sazişindən sonra Ukraynada yeni seçkilər keçirilə bilər.