12 aprel

İsrailin Türkiyə ilə danışıqlarla bağlı yeni bəyanatı

İsrail hakimiyyəti Türkiyə ilə münaqişəli vəziyyətlərin həlli üzrə danışıqlara "çox nikbin" yanaşır. Təhlil.az xəbər verir ki,  bu barədə "The Times of Israel" nəşrinə İsrail rəsmisi məlumat verib.

Onun sözlərinə görə, İsrail Türkiyə ilə Suriyada "məhdud" hərbi bazanın saxlanılması məsələsini müzakirə etməyə açıqdır.

“Danışıqlar xoş niyyət ruhunda keçdi”, – deyə israilli rəsmi bildirib və əlavə edib ki, tərəflərin növbəti görüşü Azərbaycanda keçiriləcək və müzakirələr davam etdiriləcək.

Türkiyəli bir rəsmi də barışıq çağırışı ilə çıxış edib. “Türkiyəni həmişə Suriyadan Türkiyəyə olan transsərhəd terror təhlükəsi narahat edib”, – deyə adı açıqlanmayan türk rəsmisi "The Times of Israel"ə müsahibəsində bildirib. O, burada “İslam Dövləti” və terrorçu PKK təşkilatını nəzərdə tutduğunu qeyd edib. “Bundan əlavə, biz heç bir ölkə ilə qarşıdurma istəmirik”, – deyə o əlavə edib.