Türkiyədə İstanbul Fond Birjasında manipulyasiya iddiaları ilə bağlı 15 nəfər saxlanılıb

İstanbul Fond Birjasında (Borsa İstanbul) mümkün manipulyasiya halları ilə bağlı aparılan araşdırma çərçivəsində 15 nəfər saxlanılıb.
Təhlil.az Türkiyə mediasının yaydığı məlumata istinadla xəbər verir ki, araşdırma Kapital Bazarları Şurasına (SPK) daxil olan şikayətlərdən sonra başlanıb. Şikayətlərdə bir şirkət adından sosial şəbəkə hesabları vasitəsilə fond bazarında manipulyasiya edildiyi iddia olunub.
Bu gün səhər saatlarında İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən İstanbul, Ankara, Qaziantep, Burdur, Aydın və Adana olmaqla altı vilayətdə əməliyyat keçirilib. Texniki və fiziki izləmələrdən sonra həyata keçirilən əməliyyat nəticəsində 15 şübhəli saxlanılıb.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər İstanbul Fond Birjasında listinqdə olan bir şirkətin səhmlərinin qiymətində süni dalğalanmalar yaratmaqda şübhəli bilinirlər. Şübhəlilər dindirilmək üçün İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə aparılıb.
Bildirilir ki, istintaq “cinayət törətmək məqsədilə təşkilat yaratma” və “məlumata əsaslanan bazar manipulyasiyası” maddələri üzrə aparılır.