Bu gün

Tramp süpürgəsi diplomatiyada: Ermənistan da siyahıdadır - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla, dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib. Həmin diplomatların hamısı Co Baydenin prezidentliyi dövründə təyin ediliblər. Trampın bu addımı diplomatik korpusda onun "Öncə Amerika" şüarı ilə tanınan siyasi prioritetlərini tam dəstəkləyən şəxslərin yer almasına yönəlib. 29 ölkənin diplomatına səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə xəbərdarlıq edilib. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin 16 fevral 2023-cü ildə İrəvana təyin edilib və Amerikanın Ermənistandakı onuncu səfiri olub. Bundan əvvəl o, 2020-2022-ci illər ərzində ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

ABŞ-də Donald Trampın yenidən hakimiyyətə qayıdışı fonunda xarici siyasətdə kadr və prioritetlər baxımından ciddi korrektələrin edilməsi gözlənilən idi. Trampın siyasi xəttinin əsasını təşkil edən “Öncə Amerika” (America First) doktrinası yalnız iqtisadi və təhlükəsizlik sahələrində deyil, eyni zamanda diplomatik korpusun ideoloji uyğunluğu məsələsində də özünü göstərir. Co Bayden administrasiyası dövründə təyin edilmiş səfirlərin və yüksək rütbəli diplomatların, o cümlədən ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinin geri çağırılması qərarı Vaşinqtonun xarici siyasət alətlərini yenidən kalibrləmək niyyətindən xəbər verir. Bu addım şəxsi fəaliyyətin qiymətləndirilməsindən daha çox, Tramp administrasiyasının xarici siyasətdə ideoloji və strateji uyğunluğa verdiyi önəmi əks etdirir.

Trampın əvvəlki prezidentliyi dövründə müşahidə olunan əsas tendensiyalardan biri klassik diplomatiyaya skeptik yanaşma və onu daha çox transaksional, nəticəyönümlü mexanizm kimi görməsi idi. Bayden dövründə təyin olunmuş diplomatların əksəriyyəti liberal beynəlxalqçılıq, demokratiya və insan haqları gündəmi, eləcə də müttəfiqlərlə institusional əməkdaşlıq xəttini dəstəkləyirdi. Bu yanaşma Trampın milli maraqlara, suverenliyə və güc balansına əsaslanan siyasəti ilə ciddi ziddiyyət təşkil edir. Bu baxımdan Kristina Kvinin və digər diplomatların geri çağırılması onların peşəkarlığından çox, Trampın siyasi prioritetləri ilə uyğunluq məsələsi kimi qiymətləndirilə bilər. Tramp üçün səfir yalnız diplomatik nümayəndə deyil, onun siyasi xəttinin birbaşa icraçısı rolunu oynayır.

ABŞ-nin Ermənistan siyasəti Bayden administrasiyası dövründə daha çox demokratik institutların dəstəklənməsi, insan haqları ilə maskalanmış, əslində isə Rusiyanın regiondakı təsirinin balanslaşdırılması üzərində qurulmuşdu. Kristina Kvinin Ukraynada müvəqqəti işlər vəkili kimi fəaliyyəti və postsovet məkanına dair təcrübəsi bu strategiyaya uyğun idi. Lakin Tramp administrasiyasının yanvar ayından etibarən Ermənistanla münasibətlərə yenidən baxması ehtimalı Vaşinqtonun regionda normativ və dəyər əsaslı yanaşmadan daha çox geosiyasi realizmə keçəcəyini göstərir. Bu, Ermənistanın ABŞ üçün ideoloji tərəfdaşdan daha çox regional təhlükəsizlik və kommunikasiya tənliyinin bir elementi kimi dəyərləndiriləcəyini ehtimal etməyə əsas verir.

2020-ci ildən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlar ABŞ-nin regionla bağlı siyasətində də korrektələr etməsini qaçılmaz edir. Azərbaycanın hərbi-siyasi üstünlüyü, Türkiyənin artan regional rolu və Rusiyanın təsir imkanlarının zəifləməsi Vaşinqtonu daha praqmatik qərarlar verməyə sövq edir. Trampın siyasi üslubu bu reallıqları ideoloji çərçivəyə salmaqdan çox, onları qəbul edib üzərindən konkret strateji fayda əldə etməyə yönəlib. Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bayden dövründə ABŞ bu mövzuya daha ehtiyatlı və dolayı yanaşma sərgiləyirdisə, Tramp administrasiyasının növbəti ildən etibarən daha açıq və qəti mövqe tutması mümkündür. Zəngəzur dəhlizi yalnız regional kommunikasiya layihəsi deyil, eyni zamanda, qlobal logistika, enerji təhlükəsizliyi və Asiya-Avropa ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyır.

ABŞ xarici siyasətində baş verə biləcək bu dönüş Ermənistanı çətin seçimlər qarşısında qoya bilər. Bir tərəfdən İrəvan Qərblə münasibətləri dərinləşdirmək niyyətindədir, digər tərəfdən isə regiondakı real güc balansını, xüsusilə Azərbaycan və Türkiyə faktorunu nəzərə almadan aparılan siyasətin davamlılığı sual altındadır. Tramp administrasiyası dövründə ABŞ-nin Ermənistana verəcəyi mesajın daha sərt və realist olması ehtimal edilir və bu mesaj regiondakı yeni reallıqlarla barışmağın və kommunikasiya xətlərinin açılmasının zəruriliyini ön plana çıxara bilər.

Nəticə etibarilə, səfirlərin geri çağırılması təkcə kadr dəyişikliyi deyil, ABŞ xarici siyasətində daha dərin transformasiyanın göstəricisi kimi çıxış edir. Cənubi Qafqaz bu transformasiyanın ən həssas və strateji əhəmiyyətli istiqamətlərindən biri olacaq. Ermənistanla münasibətlər, Zəngəzur dəhlizi məsələsi və regionda formalaşmış yeni güc konfiqurasiyası Tramp administrasiyasının praqmatik, nəticəyönümlü və ideoloji çərçivələrdən kənar xarici siyasət yanaşmasının real konturlarını müəyyən edəcək.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?