Bu gün

AZAL təyyarəsinin qəzaya uğramasından bir il ötür

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il keçir.

Təhlil.az xəbər verir ki, hadisə ötən il – 2024-cü il dekabrın 25-də baş vermişdi və Azərbaycan aviasiya tarixində ən faciəli səhifələrdən biri kimi yadda qalıb.

Həmin gün dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli hava gəmisi Bakıdan Rusiyanın Qroznı şəhərinə müntəzəm J2-8243 reysi ilə uçuş həyata keçirirdi. Təyyarə Qazaxıstan Respublikasının hava məkanında, Aktau hava limanı yaxınlığında qəzaya uğradı. Qəza nəticəsində ekipajın iki üzvü – kapitan və ikinci pilot, baş bələdçi, eləcə də 35 sərnişin həlak oldu.

Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən yayımlanmış ilkin texniki hesabat hadisənin gedişatına dair mühüm detalları üzə çıxardı. Hesabatda qeyd olunur ki, təyyarə uçuşun başlanğıcından Qroznıya qədər olan marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Mühərriklərin və əsas idarəetmə sistemlərinin normal işlədiyi FDR (uçuş məlumatlarının qeydiyyatı) məlumatları ilə təsdiqlənib.

Qəza öncəsi mərhələdə təyyarə Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində olarkən GPS siqnallarını itirib. Əlverişsiz hava şəraiti səbəbindən ekipajın ikinci eniş cəhdi də uğursuz olub. Bundan sonra kapitan Bakıya geri qayıtmaq barədə qərar verib. Məhz bu qərardan dərhal sonra CVR (səs yazıcı) qeydlərində 24 saniyə fasilə ilə iki xarici səsin qeydə alındığı müəyyən edilib.

CVR və FDR məlumatlarının müqayisəsi göstərib ki, ilk xarici səsdən cəmi bir neçə saniyə sonra təyyarənin hidravlik sistemləri ardıcıl şəkildə sıradan çıxıb. Bu nasazlıqlar təyyarənin idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırıb.

Qəza yerində aparılan araşdırmalar zamanı hava gəmisinin füzelyajında çoxsaylı zədələnmələr aşkar edilib. Zədələr əsasən arxa hissədə – şaquli və üfüqi stabilizatorlarda, sol qanadda və sol mühərrikdə qeydə alınıb. Foto və video materiallarla təsdiqlənən bu zədələrin xarici obyektlərin təsiri nəticəsində yarandığı bildirilib. İlkin hesabatda quşlarla toqquşma ehtimalını təsdiqləyən hər hansı fakt yer almayıb.

Araşdırma zamanı füzelyajdan hava gəmisinə aid olmayan yad obyektlər çıxarılıb. Onların fotoşəkilləri ictimaiyyətə təqdim edilib, mənşəyinin dəqiq müəyyənləşdirilməsi üçün əlavə ekspertizaların aparılması nəzərdə tutulur. Hesabatda oksigen balonunun partlaması ehtimalını təsdiqləyən heç bir məlumatın olmadığı da xüsusi vurğulanır.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Çikaqo Konvensiyasının tələblərinə əsasən, ilkin hesabatdan sonra bir il ərzində qəzanın səbəblərini əks etdirən yekun hesabat hazırlanmalıdır. Hazırda istintaq prosesi davam edir.

Faciədən dörd gün sonra – 2024-cü il dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalayaraq qəza zamanı xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, cəsarət və fədakarlıq göstərmiş ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını verib.

 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?