Rizvan Hüseynov: "Kreml sülh prosesinə təsir göstərə bilmir" - RƏY

Rusiya artıq Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçi kimi çıxış etmək imkanını itirib.
Bunu təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.
Ekspertin sözlərinə görə, son dövrlər Rusiya siyasi dairələri yenidən regiondakı proseslərə müdaxilə etməyə cəhd göstərir və bu zaman Qarabağdan ermənilərin “könüllü köçü” mövzusundan alət kimi istifadə edirlər.
O bildirib ki, bu cəhdlər əvvəlcədən uğursuzluğa məhkumdur:
“Bu proseslərin arxasında Prezident Administrasiyasının rəhbər müavini Sergey Kiriyenko və digər müəyyən şəxslər dayanır. Məqsəd regionda formalaşmış yeni siyasi reallığı və Bakı ilə İrəvan arasında gedən sülh prosesini pozmaqdır. Paralel olaraq, Paşinyan hakimiyyətindən fərqli olaraq, guya Qarabağdan köçmüş ermənilərin taleyində maraqlı olduqlarını göstərməklə Ermənistanda təsir imkanlarını artırmağa çalışırlar”.
R.Hüseynov vurğulayıb ki, Kreml Cənubi Qafqazda əvvəlki nüfuzunu artıq itirib və hazırda Ermənistan–Azərbaycan münasibətlərindəki rolunu sadəcə imitasiya edir:
“Bu cür ‘iştirakın’ yaratdığı mənfi fon həm Bakı, həm də İrəvan tərəfindən qəbul edilmir. Moskva düşünürsə ki, sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və nüfuzdan düşmüş katolikos II Qaregin vasitəsilə Rusiyanın regiondakı prestijini bərpa etmək mümkündür, bu, ciddi yanlış hesablama deməkdir”.
Ekspert əlavə edib ki, baş verənlər siyasi şou xarakteri daşıyır və nəticə etibarilə Rusiyanın özü üçün əlavə problemlər yaradır:
“Bu yanaşma Azərbaycan–Rusiya münasibətlərinə əlavə zərbə vurur, Rusiya–Ermənistan əlaqələrini isə daha da gərginləşdirir. Qarabağdan köçmüş ermənilərin əhəmiyyətli hissəsi artıq Ermənistanı da tərk edərək üçüncü ölkələrə üz tutub. Qalanlar isə potensial olaraq Rusiyanın siyasi maraqlarının alətinə çevrilə bilər”.
R.Hüseynovun fikrincə, bu ssenarilərin heç birinin real perspektivi yoxdur və onlar iflasla nəticələnəcək.
Rasim Babayev