ABŞ Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Kanadaya aviabombalar da daxil olmaqla geniş çeşiddə hərbi sursat və əlaqədar maddi-texniki təminatın 2,68 milyard dollar dəyərində satışına razılıq verib.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Pentaqonun hökumətlərarası təhlükəsizlik müqavilələri çərçivəsində xaricə hərbi texnika və silah satışına cavabdeh olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi yayıb.
Bəyanata əsasən, Kanada ABŞ-dən BLU-117, BLU-109, BLU-111 və GBU-39 tipli hava bombaları, eləcə də müxtəlif avadanlıqlar və təlim sursatları almaq üçün əvvəlcədən müraciət etmişdi.
Agentlik bildirir ki, sözügedən satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur, çünki bu, NATO üzrə müttəfiq olan Kanadanın döyüş qabiliyyətini artıracaq.
Məlumata görə, ABŞ administrasiyası artıq silah satışının təsdiqi ilə bağlı Konqresi məlumatlandırıb. Qanunverici orqan mümkün müqaviləni nəzərdən keçirmək və lazım gələrsə, bloklamaq üçün 30 gün vaxt əldə edib.