Valeri Çeçelaşvili: “Azərbaycan "3+5" Transxəzər formatının açarıdır” - RƏY

“Azərbaycanın Konsultativ Şuraya daimi üzv kimi qəbul edilməsi Xəzər hövzəsi boyunca yeni regional əməkdaşlıq mərhələsi açır".
Bu fikirləri təhlil.az saytına açıqlamasında GUAM və QDİƏT-in keçmiş baş katibi, Gürcüstanın keçmiş maliyyə naziri və xarici işlər nazirinin birinci müavini, eləcə də Gürcüstanın Rusiya və Ukraynadakı sabiq səfiri Valeri Çeçelaşvili deyib.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya üzrə Konsultativ Şuraya daimi üzv kimi qoşulması tamamilə məntiqli və gözlənilən addımdır:
“Mən Azərbaycanı bu formatda Cənubi Qafqazın Mərkəzi Asiyada rəsmi nümayəndəsi kimi görürəm. Mərkəzi Asiya ölkələrinin Bakını ailələrinə qəbul etməsi təəccüblü deyil. Azərbaycan bu regiondakı bütün dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətlərinə malikdir”.
Diplomat söyləyib ki, həm ABŞ, həm də Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına xüsusi diqqət ayırır:
“Ekspertlər artıq bu iki regionu ‘Böyük Xəzər’ kimi qiymətləndirməyə başlayıblar. Bu səbəbdən gələcəkdə formatın ‘3+5’ modelinə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bütün ölkələrinin iştirak etdiyi geniş əməkdaşlıq platformasına çevrilməsi tamamilə real görünür. Bu isə yeni imkanlar və inteqrasiya perspektivləri açacaq”.
V. Çeçelaşvili qeyd edib ki, bütün bu proseslər Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi ilə birbaşa əlaqəlidir:
“Düşünürəm ki, bu dəyişikliklərin ilkin nəticələrini gələn ilin yayında görəcəyik. Payızda isə Cənubi Qafqaz və Mərkəzi Asiyanın səkkiz ölkəsinin iştirakı ilə yeni regional formatın yaranması mümkündür. Biz mütləq geniş Transxəzər ‘3+5’ platformasına doğru irəliləyəcəyik. Həm ABŞ, həm də Avropa İttifaqı bu prosesdə maraqlı olacaq. Bu istiqamətdə ilk addım isə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması olacaq”.
Rasim Babayev