ABŞ-nin ordu naziri Ukrayna və Rusiya nümayəndələri ilə görüşmək üçün Əbu-Dabiyə gəlib

ABŞ-nin ordu naziri Den Driskol Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və Rusiya nümayəndə heyəti ilə qapalı danışıqlar aparmaq üçün Əbu-Dabiyə gəlib. Təhlil.az xəbər verir ki, bu barədə məlumatı "Financial Times" yayıb.
Bildirilir ki, Vaşinqton sülh sazişinə nail olmaq və müharibəni mümkün qədər tez başa çatdırmaq səylərini artırıb. Bazar ertəsi axşamdan başlayan danışıqlar bu gün davam edir.
ABŞ rəsmilərinin məlumatına görə, Driskolun səfəri Cenevrədə keçirilmiş intensiv məsləhətləşmələrin davamıdır. Burada ABŞ və Ukrayna Tramp Administrasiyası tərəfindən təklif olunmuş 28 bəndlik mübahisəli planı Kiyev üçün daha məqbul 19 bəndə qədər ixtisar edə biliblər. Amma siyasi cəhətdən daha həssas məsələlər prezidentlər səviyyəsində müzakirə olunmalıdır.
BƏƏ-də görüşlər paralel diplomatik fəaliyyət fonunda keçirilir: Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkof danışıqları öz kanalları ilə aparırlar. Driskolun cəlb edilməsi danışıq kanalının əvəzlənməsi kimi deyil, genişləndirilməsi kimi nəzərdən keçirilir. Vaşinqton nəticə əldə etmək üçün fasiləsiz olaraq 7 gün 24 saat çalışdığını vurğulayır. Danışıqların üçtərəfli formatda keçirildiyi, yaxud hər bir tərəfin ayrı-ayrılıqda danışıqlar apardığı bəlli deyil. Ağ Ev təfərrüatı şərh etmir, lakin vurğulanır ki, Ukrayna Driskolun marşrutu və vəzifələri barədə tam məlumatlı olub. Ukraynanın xüsusi əməliyyatlarının əsas siması və Rusiyadakı obyektlərə cəsarətli zərbələrin təşkilatçısı Kiril Budanov Zelenski tərəfindən rəsmi olaraq nümayəndə heyətinə daxil edilib. O, Rusiya strukturları ilə az sayda əlaqə kanallarından birini qoruyub-saxlayıb ki, bu da daha əvvəl irimiqyaslı hərbi əsir mübadiləsini təşkil etməyə imkan verib.