AZAL təyyarəsinin qəzası üzrə yekun hesabat ilin sonuna açıqlanacaq

AZAL aviaşirkətinə məxsus Embraer-190 təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı istintaq prosesi hələ də davam edir və yekun nəticələrin ilin sonuna qədər açıqlanacağı gözlənilir.
Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliaqparov məlumat verib.
O, brifinq zamanı istintaqın mürəkkəb ekspertizalar tələb etdiyini və dəqiq tarix deməyin mümkün olmadığını bildirib:
"Üç aydan sonra ilkin nəticələr tam təqdim olunmuşdu. Hazırda daha dərin araşdırma aparılır. Proses çoxsaylı mürəkkəb ekspertizalar tələb edir. İş başa çatdıqdan sonra hesabat tam şəkildə KİV-ə təqdim olunacaq. Vaxtla bağlı qəti söz deyə bilmirik, amma ilin yekunları üzrə məlumat veriləcək", - deyə Kaliaqparov qeyd edib.
Qeyd edək ki, təyyarə 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğramışdı. Göyərtədə olan 67 nəfərdən 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. Hadisə bir müddət Azərbaycan–Rusiya münasibətlərində gərginliyə səbəb olmuşdu; çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi iddia edilirdi.