24 noyabr

"Erməni nümayəndələrinin Bakı səfəri gözləniləndən daha müsbət keçdi” - RƏY

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan ekspertlərinin Bakı və İrəvanda keçirilən görüşləri son dərəcə konstruktiv atmosferdə baş tutub.

Bu fikirləri tehlil.az saytına açıqlamasında həmin görüşlərdə ekspert kimi iştirak edən, "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

O xatırladıb ki, bu formatda görüşlər 30 il ərzində olub, lakin onların hamısı üçüncü tərəfin vasitəçiliyi ilə keçirilib:

“Lakin bu dəfə heç bir vasitəçi olmadan dialoq aparırıq. Tarix göstərdi ki, Azərbaycan və Ermənistan liderləri vasitəçisiz danışıqlar masasına əyləşəndə proses böyük sürətlə irəlilədi. Eyni dinamikanı biz də dialoqlarda hiss edir, bir-birimizi daha yaxşı anlayır, sualları daha açıq şəkildə müzakirə edirik”.

Ekspert vurğulayıb ki, erməni nümayəndə heyətinin Bakıya səfəri gözləniləndən daha müsbət keçib:

“Görüşlərdə heç bir qarşıdurma, ittiham və gərginlik olmadı. Həssas suallar vardı, bu təbiidir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq bu mövzuları səlahiyyət çərçivəsində müzakirə edirik. Həssas məsələlər qaldırılsa da, dialoqda kəskin fikir ayrılığı və ya narazılıq müşahidə olunmadı”.

K. Məmmədova qeyd edib ki, belə təşəbbüslər uzunmüddətli sülhün vacib elementidir:

“Bu görüşlər gələcək üçün körpülərin qurulması deməkdir. Sülh yalnız kağız üzərində imzalanmış razılaşma deyil, həm də insanlar arasında təmasdır. Bu isə ən çətin mərhələdir. “Sülh Körpüsü” adı təsadüfi seçilməyib. Biz cəmiyyətlərimiz arasında o kövrək və həssas körpünü qurmaq istəyirik. Biz inanırıq ki, Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı etimadın formalaşmasına öz töhfəmizi verəcəyik”.

Baş redaktor əlavə edib ki, dialoqun vasitəçisiz keçirilməsi tərəflər arasında etimadın artdığını göstərir və regionda yeni siyasi-sosial mühitin formalaşmasına xidmət edir.

Rasim Babayev

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?