24 noyabr

Həcc ziyarəti üçün sənəd qəbulu erkən başladı

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi növbəti Həcc mövsümünə hazırlıq prosedurlarını əvvəlki illərlə müqayisədə daha erkən başlatmaq barədə qərar verib.

Təhlil.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, nazirlik bütün ölkələrin Həcc missiyalarına ötən ziyarətdən qısa müddət sonra yeni mövsüm üçün sənəd qəbuluna başlanması barədə göstəriş verib:
“Viza prosedurlarının da çox erkən başlayaraq Ramazan ayının sonunadək tam başa çatdırılması gözlənilir. Həcc niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, yerlər bitmədən qeydiyyata gəlsinlər”.

Vüsal Cahangiri qeyd edib ki, erkən qeydiyyata başlanmasına baxmayaraq hər gün çoxsaylı müraciətlər daxil olur:
“Ötən illərin təcrübəsi göstərir ki, mövsümün sonunda müraciət edən bir çox vətəndaş kvotanın dolması səbəbindən Həccə gedə bilmir. Bu səbəbdən zəvvarlara gecikmədən müraciət etməyi tövsiyə edirik”.

Qeyd edək ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) olaraq müəyyən edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?