ABŞ və Ukrayna yenilənmiş sülh planı layihəsi üzrə razılığa gəlib

ABŞ və Ukrayna müharibənin dayandırılması ilə bağlı yenilənmiş sülh planı layihəsi üzərində razılığa gəliblər.
Təhlil.az xəbər verir ki, razılığa əsasən, tərəflərin gələcəkdə əldə edəcəyi hər hansı razılaşma Ukraynanın suverenliyinə tam hörmət prinsipi əsasında formalaşmalıdır.
Danışıqlardan sonra tərəflər sülh prosesinə dair yenilənmiş və yenidən işlənmiş çərçivə sənədi hazırlayıblar. Ukrayna tərəfi müharibəyə son qoymaq və insanların həyatını xilas etmək istiqamətində göstərdiyi səylərə görə ABŞ-yə və Prezident Donald Trampa təşəkkürünü ifadə edib.
Məlumata görə, ABŞ və Ukrayna qarşıdakı günlərdə birgə təkliflər üzərində işi davam etdirməyə və Avropa tərəfdaşları ilə sıx koordinasiya saxlanmasına razılıq veriblər.
Yekun qərarların ABŞ və Ukrayna prezidentləri tərəfindən veriləcəyi bildirilir.