11 aprel

Rəşt-Astara dəmir yolunun tikintisinin vaxtı açıqlanıb

Rəşt–Astara dəmir yolunun tikintisi, "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olaraq, üç-dörd ildən az çəkməyəcək.

Təhlil.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu marşrut "Şimal–Cənub" dəhlizinin qərb istiqamətinin bir hissəsidir.

“Bu istiqamətdə avtomobil infrastrukturu artıq fəaliyyət göstərir və yüksək səmərəlilik nümayiş etdirir – bir il ərzində onun vasitəsilə 3 milyon tondan artıq yük daşınıb. Dəmir yolunun tamamlanması üçün isə 160 kilometrlik hissənin tikintisi qalır”, - deyə diplomat qeyd edib.

K. Cəlali vurğulayıb ki, İran tərəfi layihənin həyata keçirilməsi məsələsində Rusiya tərəfi ilə sıx əməkdaşlıq edir: “Dəmir yolunun tikintisi dövründə yüklər Astaraya qədər dəmir yolu ilə, oradan isə Rəştə avtomobil nəqliyyatı ilə daşına bilər”

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran Rəşt–Astara hissəsinin birgə reallaşdırılmasına dair saziş imzalayıblar. Bu layihə Azərbaycan və İranı birləşdirəcək və Fars körfəzi limanlarına birbaşa dəmir yolu çıxışını təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avro olaraq qiymətləndirilir. Tikinti, layihələndirmə və zəruri materiallar və xidmətlərin təchizatı Moskvayla Tehran arasında birgə maliyyələşdiriləcək.