Filippin yeni böhran dövrünə qədəm qoyur - ŞƏRH

Filippində artan siyasi böhranın ilk nəticələri özünü çox gözlətmədi. Son günlərdə keçirilən tamamilə dinc, lakin genişmiqyaslı nümayişlər ölkə rəhbərliyini problemlərə reaksiya verməyə məcbur etdi. Prezident Ferdinand Markosun kabinetindən iki nazir istefa verib. Belə ki, icraçı katib Lukas Bersamin və büdcə katibi Amena Panqandaman, departamentlərinin adı korrupsiya qalmaqalında hallandıqdan sonra vəzifələrindən getdilər.
Bu, Markosun 2022-ci ildə vəzifəyə başlamasından bəri ikinci böyük dəyişiklikdir. May ayında uğursuz Senat seçkilərindən sonra bütün kabinet istefa vermişdi. Amma yenidən qurulan hökumət prezidentə yeni nəsə vermədi, uğursuzluqlar seriyası davam etdi.
Korrupsiya qalmaqalına görə heç kəs məsuliyyətə cəlb olunmadığı üçün xalqın etirazları artmaqdadır. Markos isə bu hadisələrin fonunda liderliyini və nüfuzunu qorumağa çalışır. Qalmaqallar artıq Filippin pesosunun rekord səviyyədə düşməsinə və fond bazarının çökməsinə səbəb olub. Bütün bunlar, yaxın vaxtlara qədər regionda ən sürətlə böyüyən iqtisadiyyatlardan biri olan Filippin iqtisadiyyatında yeni üzə çıxan geriləməni daha da tezləşdirir. Prezident isə məsuliyyəti yaxın çevrəsinə yükləməklə vəziyyəti normallaşdırmağa ümid edir. Amma onun bu addımları yaxın müttəfiqlərinin də tənqidinə səbəb olub. Duterte klanından olan siyasi rəqiblər problemin miqyasından və Markos düşərgəsindəki bölünmələrdən istifadə edərək onu devirməyə çalışacaqlar. Bu isə onu deməyə əsas verir ki, Filippin siyasi böhranla üzləşib və bu böhran bir sıra problemlərin dərinləşməsinə yol aça bilər.
Hikmət Həsənov