11 aprel

Şimali Kiprin tanınması – Yeni dünya düzənində Azərbaycanın mesajı

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” forumdakı çıxışı Azərbaycanın regional və qlobal siyasətdəki rolunu bir daha ortaya qoydu. Xüsusilə Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı dedikləri sırf diplomatik jest deyil, Azərbaycanın strateji mövqeyinin ifadəsidir. Dövlət başçısının ŞKTR türklərini “qardaşlarımız” adlandırması açıq və aydın siyasi mesaj idi.

Təhlil.az xəbər verir ki, tarixə baxsaq, 1960-cı ildə müstəqil elan edilən Kipr Respublikasında yunan və türk icmaları arasında qurulmuş tarazlıq çox keçmədən pozuldu. 1974-cü ildə Yunanıstandakı çevriliş və türklərə qarşı təhdidlər Türkiyənin adaya hərbi müdaxiləsinə səbəb oldu. Nəticədə adada iki ayrı idarə formalaşdı və 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan olundu. 2004-cü ildə Annan planına türklər “hə”, yunanlar isə “yox” dedi, amma dünya buna göz yumdu və yunan tərəfi Avropa İttifaqına qəbul edildi.

Prezident İlham Əliyev bu ikili standartları tənqid edərək bildirdi ki, Azərbaycan Şimali Kiprdəki qardaşlarının yanındadır və onların müstəqil dövlət kimi tanınması istiqamətində dəstəyini davam etdirəcək. Bu bəyanat, həm Türkiyə ilə münasibətlərin güclənməsi, həm də Türk Dövlətləri Təşkilatında inteqrasiyanın sürətlənməsi baxımından mühüm siqnaldır.

Azərbaycanın bu mövqeyi təkcə siyasi deyil, həm də tarixi və mənəvi məsuliyyətdən doğur. Liderlik – təkcə güc nümayiş etdirmək deyil, dostlarını çətin vaxtda dəstəkləməkdir.