Bu gün

Paşinyanın Eçmiədzin qələbəsi: Kilsə və müxalifət məğlub oldu - TƏHLİL

Ermənistanın Vaqarşapat vilayətində keçirilən yerli seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası növbəti siyasi uğura imza atıb. Uzun müddət ölkə gündəmini zəbt edən bu seçkilərin nəticəsi həm siyasi dairələr, həm də cəmiyyət üçün həlledici əhəmiyyət kəsb edirdi.

Vaqarşapatın administrativ mərkəzi olan Eçmiədzin Ermənistan Apostol Kilsəsinin mənəvi paytaxtı sayılır. Məhz bu səbəbdən katalikos II Qaregin və kilsə xadimləri uzun müddətdir hakim partiyanın məğlubiyyətini açıq və ya gizli şəkildə dəstəkləyirdilər. Müxalifət də bütün resurslarını bölgəyə yönləndirərək, seçkinin nəticələrini 2026-cı il parlament seçkiləri üçün tramplin kimi görürdü.

Seçkilərdən bir gün əvvəl Rusiyanın humanitar missiyasının bölgədə yardım paylaması xəbəri isə təsadüfi hesab edilmədi. Bütün bu faktorlar Paşinyanın rəqiblərinin — kilsə, müxalifət, Kremlə yaxın dairələr və erməni diasporunun — Vaqarşapatda geniş koalisiya halında birləşdiyini göstərirdi.

Bununla belə, nəticə fərqli oldu. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, “Vətəndaş Müqaviləsi” 15 298 səs toplayaraq ümumi səslərin 48,5%-ni əldə edib və Şurada mütləq çoxluğa sahib olub. 33 yerlik icma şurasında hakim partiya 19 mandat, “Qələbə” alyansı 12 mandat, “Ana Ermənistan” isə 2 mandat qazanıb. Digər beş partiya baryeri keçə bilməyib.

Baş nazir Nikol Paşinyan nəticələri özünün Facebook hesabında şərh edərək bunu “2026-cı il parlament seçkiləri üçün həyəcanverici bir müqəddimə” adlandırıb. O, həmçinin partiyanın namizədi Argişti Mekhakyanı təbrik edib və əvvəlki idarəçilikdə yol verilmiş müəyyən səhvlərə görə sakinlərdən üzr istəyib.

Vaqarşapat seçkilərinə sadə bir yerli yarış kimi deyil, Paşinyan üçün ölüm-dirim mübarizəsi kimi yanaşmaq lazımdır. Bu nəticə xüsusilə kilsənin ağır məğlubiyyəti deməkdir. Çünki Eçmiədzin kimi simvolik məkanda katalikosun dəstəklədiyi siyasi xəttin uduzması, Paşinyan hökumətinin yaxın gələcəkdə kilsə ilə münasibətlərdə daha sərt addımlar ata biləcəyinə işarədir.

Görünür, Ermənistan kilsəsi artıq yerli sakinlər arasında əvvəlki nüfuzunu itirib. Bu məğlubiyyət həm də müxalifət üçün ciddi siyasi zərbədir. 2026-cı il seçkiləri ərəfəsində Paşinyanın komandası Vaqarşapatdakı uğuru öz mövqelərini möhkəmləndirmək üçün mühüm baza kimi istifadə edə biləcək.

Qeyd edək ki, Vaqarşapat seçkiləri Paşinyanın həm kilsəyə, həm müxalifət blokuna, həm də Rusiyaya yaxın siyasi dairələrə qarşı ciddi bir siyasi qələbəsidir.

Hikmət Həsənov