Bu gün

Rusiyanın təhdidi Almaniyanı hərəkətə gətirdi - ŞƏRH

Ukrayna–Rusiya müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını tamamilə dəyişdirib. Qitədə bir vaxtlar yalnız nəzəri səviyyədə müzakirə olunan “Rusiya ilə mümkün toqquşma” ehtimalı indi aparıcı dövlətlərin real planlaşdırma gündəminə daxil olub. Xüsusilə Fransa rəsmilərinin yaxın illərdə hərbi qarşıdurma ehtimalı barədə səsləndirdiyi fikirlər təsadüfi deyil. Avropa müdafiəsinin gələcəyi yenidən qurulur və Almaniyanın qərarı bunun ən bariz nümunəsidir.

Berlin hökumətinin 14 il əvvəl ləğv etdiyi məcburi hərbi xidməti 2026-cı ildən bərpa etməsi Avropanın təhlükəsizlik manevrində kəskin dönüşdür. Yeni sistemə əsasən, 18–25 yaş arası bütün kişilər onlayn sorğu vasitəsilə xidmətə hazırlığını bildirməli olacaq. Könüllülərə ayda 2600 avro maaş təklif edilir. Yetərincə könüllü olmadıqda isə sağlam və yararlı şəxslər arasında püşkatma aparılacaq. Almaniya ordusunda təxminən 80 min şəxslik kadr çatışmazlığı nəzərə alınsa, bu addımın sırf ehtiyacdan irəli gəldiyi aydın olur. Maraqlıdır ki, əhalinin 79 faizinin bu təşəbbüsü dəstəkləməsi Berlinə geniş sosial-siyasi dəstək qazandırır.

Lakin burada əsas sual başqa yerdədir: Almaniya hərbçi çatışmazlığını aradan qaldırsa belə, onları lazımi avadanlıqla təmin edə biləcəkmi? Məsələ burasındadır ki, Almaniya ordusu uzun müddətdir texnika və təchizat çatışmazlığı yaşayır. Ukraynaya göndərilən hərbi sursat və avadanlıq ehtiyatların xeyli hissəsini tükəndirib. Daxili hərbi sənaye isə hələ genişmiqyaslı istehsal gücünə keçməyib. Bu səbəbdən təkcə insan resursunu artırmaqla müdafiə qabiliyyətini yüksəltmək mümkün deyil — müasir ordu həm də modern texniki təchizat tələb edir.

Berlinin bu addımı 2029-cu ilə qədər mümkün hərbi ssenarilərə hazırlıq məqsədi daşıyır. Qərb dövlətləri açıq şəkildə Rusiya ilə qarşıdurma riskini nəzərə alır və ordularını sürətlə yeniləyir. Məcburi xidmətin bərpası, istehsal zəncirlərinin genişləndirilməsi, təlimlərin intensivləşdirilməsi — bütün bunlar Avropanın təhlükəsizlik düşüncəsinin yenidən formalaşdığının göstəricisidir.

Almaniyanın hərbi islahatları təkcə öz müdafiəsini gücləndirmək deyil, həm də Avropada yeni hərbi balans yaratmaq niyyətindən xəbər verir. İctimai dəstək, siyasi iradə və geosiyasi reallıqlar göstərir ki, bu proses geri dönüşlü deyil. Çünki Qərbdə artıq belə hesab olunur: Rusiya təhlükəsi uzaq gələcək deyil, qapının bir addımlığındadır.

Hikmət Həsənov 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?