Bu gün

Avropa İttifaqının Zəfər Paradında yoxluğu nə deməkdir? - ŞƏRH

“Avropa ölkələrinin, xüsusilə Fransa və Niderland nümayəndələrinin Zəfərin beşinci ildönümünə həsr olunan Hərbi Paradda iştirak etməməsi çoxsaylı suallar doğurur”.

Bu fikirləri təhlil.az saytına Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, “Valday” Diskussiya Klubunun eksperti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru Fərhad Məmmədov açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransanın münasibətini başa düşmək olar:

“Bu ölkə hətta hərbi attaşesini belə göndərmədi. Amma Niderland və digər Avropa ölkələrinin, eləcə də Avropa İttifaqı nümayəndəliyinin iştirakı gözlənilirdi. Onların yoxluğu müəyyən siyasi mesaj xarakteri daşıyır”.

Ekspert söyləyib ki, Brüsselin bu addımını izah etmək çətindir:
“Bir tərəfdən Bakı ilə Brüssel arasında münasibətlərin normallaşması müşahidə olunur, digər tərəfdən isə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sənəd üzərində aktiv iş getmir. Bu, o deməkdirmi ki, Brüssel Bakıyla münasibətləri yüksəltmək istəmir? Avropa İttifaqının nümayəndələrinin paradda iştirak etməməsi bu yanaşmanın təzahürüdürmü?”

F. Məmmədov xatırladıb ki, Naxçıvan istiqamətində reallaşan infrastruktur layihələri Avropa İttifaqı üçün əməkdaşlıq imkanı yaradır:

“Əgər Avropa İttifaqı sülh prosesinə real dəstək vermək istəyirsə, təkcə Sədərək–Yerasx və ya Qars–Gümrü kimi layihələrə deyil, Naxçıvan dəmir yolu kimi strateji marşrutlara da diqqət yetirməlidir. Bu istiqamət yüz milyonlarla dəyərində investisiya və texniki dəstək tələb edir. Lakin Avropa İttifaqı bu sahədə hər hansı təşəbbüs nümayiş etdirmir. Bu mövzu ilə bağlı indiyədək heç bir bəyanat səslənməyib”.

O qeyd edib ki, sükut və paradın boykot edilməsi Bakıda aydın mesaj kimi qəbul olunur:

“Əgər Brüssel düşünürsə ki, bu cür jestlər nəticəsində Azərbaycan onun sülh prosesinə qoşulmasına razılıq verəcək, bu, ciddi yanlış hesablamadır. Avropa İttifaqı 2020–2023-cü illər ərzində həm müsbət, həm də mənfi rol oynayıb və 2023-cü ilə qədər münasibətləri sıfır, bəlkə də mənfi səviyyəyə enib”.

Ekspert əlavə edib ki, Avropa İttifaqının regiondakı vəziyyətə münasibəti Yerevandan fərqli görünə bilər, lakin Brüssel real nəticə istəyirsə, Naxçıvan istiqamətində və Azərbaycanla ikitərəfli münasibətlərdə fəal olmalıdır:
“Əgər Avropa Parlamenti daxilindəki bəzi məsuliyyətsiz siyasətçilərin davranışları buna mane olursa, o zaman bu, artıq başqa söhbətdir. Bu halda Avropa İttifaqının maraqları və gözləntiləri Azərbaycanda ya ümumiyyətlə nəzərə alınmayacaq, ya da minimal səviyyədə qəbul ediləcək”.

F.Məmmədov sonda vurğulayıb ki, Avropa İttifaqı nümayəndələrinin Qələbə Paradında iştirak etməməsi Bakıya göndərilmiş siyasi siqnaldır:
“Bu siqnal Bakıda nəzərə alındı və bundan sonra Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini məhz bu reallıqdan çıxış edərək quracaq”.

Rasim Babayev

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?