50 manatdan 10 minə: Uçuş təhlükəsizliyini pozanlara SƏRT CƏZA

Hava gəmiləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunub.
Tehlil.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə cərimələr də artırılır.
Layihəyə əsasən, lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Qüvvədə olan qanuna əsasən, hazırda bu inzibati xəta üçün yüz manat məbləğində cərimə tətbiq edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.