Bu gün

Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən Zəfər paradı - TƏHLİL

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünə həsr edilən hərbi parad bütün dünyanın diqqətini yenidən Azərbaycan üzərində cəmləşdirməkdədir. Bunu şərtləndirən səbəb Azərbaycanın son beş ildə daha qüdrətli ölkəyə çevrilməsi, sərhədlərindən kənarlarda belə bir çox proseslərin inkişaf axarını müəyyənləşdirən dövlətlər sırasında yer almasıdır. Eyni zamanda daha bir vacib faktor odur ki, son beş ildə dünyada mövcud savaşlarda yenə Azərbaycan qədər tam, qəti qələbə əldə edən ikinci bir ölkə yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq etdiyi çıxışında Prezident İlham Əliyev bununla bağlı qeyd edib: “ Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq... Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür...Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

Bütün bu qeyd edilənlər kontekstində “Azadlıq” meydanında keçirilən hərbi parada dünyanın xüsusi diqqət yetirməsi tamamilə təbiidir. Eyni zamanda bu, Azərbaycanın hərbi qüdrətinin də dünyaya növbəti dəfə nümayişidir. Azərbaycanın dostları bundan fərəhlənir, düşmənləri isə qarşılarında əvvəlkindən daha güclü bir dövlət görürlər, ölkəmizə yönəlik məkrli niyyətlərinin həyata keçrilməsinin mümkünsüzlüyünü daha yaxşı anlayırlar. Ancaq təbii ki, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilən paradın əhəmiyyəti təkcə bununla məhdudlaşmır. Bu, həm də xalqın milli birliyinin, orduya olan etimadının, azadlıq və müstəqillik uğrunda qətiyyətinin təcəssümüdür.

Sözügedən parad kontekstində hərbi texnika, modern silah sistemləri, yüksək hazırlıqlı şəxsi heyət və müasir idarəetmə mexanizmlərinin göstərilməsi ordu quruculuğunda əldə olunan nəticələrin real ifadəsidir. Bu, həm daxili ictimaiyyətə, həm də beynəlxalq arenaya ünvanlanan açıq mesajdır: Azərbaycan öz suverenliyini qorumağa və milli maraqlarını təmin etməyə tam qadirdir. Qeyd edilən kontekstdə hələ 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycanın yeni tarixində dönüş nöqtəsi oldu. Həmin parad təkcə Qarabağ müharibəsində qazanılan qələbənin təntənəsi deyil, eyni zamanda üç onillik ərzində çəkilən zəhmətin, səbrin və milli iradənin nəticəsi kimi yaddaşlara həkk edildi. Budəfəki yubiley paradı isə son beş ildə Azərbaycanın uğurlarının miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bildiyini, daha möhtəşəm nailiyyətlərin müəllifinə çevrildiyini göstərir.

Daha bir mühüm nünas odur ki, dünyada olduğu kimi ölkəmizdə də hərbi parad həm də diplomatik və siyasi mesaj xarakteri daşıyır. Belə tədbirlərdə iştirak edən xarici nümayəndə heyətləri, dost və müttəfiq ölkələrin hərbçiləri beynəlxalq həmrəyliyin və strateji tərəfdaşlığın təzahürü kimi çıxış edir. Türkiyə və Pakistan təmsilçilərinin hərbi paradda iştirakı bunun konkret nümunələrindən biridir.

Bundan başqa, hərbi parad ordu islahatlarının nəticələrini nümayiş etdirmək üçün unikal platformadır. Müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının, zirehli texnikanın və artilleriya sistemlərinin nümayişi Azərbaycanın müdafiə sənayesinin inkişafını və ordunun modernləşmə səviyyəsini ortaya qoyur. Digər aspektlər baxımından da hərbi paradın rolu az deyil. Belə tədbirlər xalqın orduya olan dəstəyini və etimadını gücləndirir. Azərbaycan cəmiyyətində ordu dövlətin dayağı, xalqın şərəf və ləyaqətinin simvolu kimi qəbul olunur. Təbii ki, paradlar bu münasibəti daha da dərinləşdirir və “Güclü ordu - güclü dövlət” prinsipi ətrafında birliyi möhkəmləndirir.

O da birmənalı həqiqətdir ki, Zəfər Gününün beşinci ildönümünə həsr edilən parad özündən əvvəlkilər kimi bütün xalqımız üçün qürur faktorudur. Dövlətin güclü ordusunun varlığı cəmiyyətdə Azərbaycanın təhlükəsiz gələcəyinə inamı daah da artırır, xarici təhdidlərin qarşısında böyük sipər yaradır. Nəticə etibarı ilə Azərbaycanın sabit və dinamik inkişafı təhlükəsiz bir məcrada davam edir. Beləliklə, budəfəki hərbi parad da xalqımızın tarixinin, birliyinin, qələbəsinin, azadlığının və müstəqilliyinin ən parlaq ifadəsi kimi tarixdə öz yerini alır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?