Bu gün

Azərbaycan və Avropa arasında media körpü - TƏHLİL

2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi regionda geosiyasi reallıqların dəyişməsi ilə nəticələndi. Müstəqil və qətiyyətli siyasət həyata keçirən Azərbaycan milli maraqlarını təmin etmək üçün bir sıra dövlətlərlə, xüsusən də Avropa İttifaqına üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığını daha da dərinləşdirdi.

Rəsmi Bakının etibarlı tərəfdaş kimi dünyada tanınması bir çox Aİ ölkələrinin Azərbaycanla energetika və digər sektorlarda əməkdaşlıq etməsinə ciddi təsir göstərdi. Bununla belə, qeyd etmək yerinə düşər ki, Avropa İttifaqının bəzi qurum və institutları, eləcə də ayrı-ayrı rəsmiləri zaman-zaman qərəzli mövqe sərgiləyərək Azərbaycanın əleyhinə açıqlamalar vermiş, bəzən də əsassız qətnamələr qəbul etmişlər.

Lakin qlobal nizamın dəyişməsi və siyasi qütblər arasındakı gərginliyin dərinləşməsi Aİ-ni milli maraqlarını ehtiva etməyən yanlış siyasətdən tədricən imtinaya vadar edir. Artıq qoca qitə iqtisadi təhlükəsizliyini təmin etməyin vacibliyini daha aydın şəkildə dərk edir və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın mühüm rol oynadığını qəbul edir.

Hazırda rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi çıxış edir. Bundan əlavə, Azərbaycanın nəqliyyat bağlantıları və strateji mövqeyi də Qərb üçün onu alternativsiz edir. Aİ bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşı, həmçinin ən iri ixrac bazarıdır. İdxal tərəfdaşları arasında da İttifaq ikinci yeri tutur.

Avropanın bir sıra ölkələri ilə iqtisadi, humanitar, hərbi və mədəni sahələrdə əməkdaşlıq edən Azərbaycan, son illər media sahəsində əlaqələri də fəallaşdırır.

Bu yaxınlarda Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqazda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin dəstəklənməsini və rəqəmsal transformasiya prosesini yüksək qiymətləndirib.

Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığının artırılması, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı, eləcə də enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu görüş Azərbaycanın Avropa strukturları ilə rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığını gücləndirdiyini göstərir. Eyni zamanda, ən müasir standartlara cavab verən media mühitinin qurulması və inkişafı Azərbaycanın milli informasiya siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Beləliklə, bu cür görüşlər və əməkdaşlıqlar təkcə Aİ ilə Bakı arasında mediakörpü rolunu oynamır, həm də Azərbaycan mətbuatının inkişafına yeni təkan verir.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?