Gürcüstan hökuməti Qərbpərəst qüvvələrə qarşı hərəkətə keçdi - ŞƏRH

Gürcüstanda yeni seçilmiş hökumətlə Avropa İttifaqı arasında münasibətlər kəskinləşməkdə davam edir. Qərbin müxalifəti dəstəkləməsi, yeni hökumətlə bağlı bir sıra qərarlar qəbul etməsi rəsmi Tbilisini hərəkətə keçirib. Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu” siyasi sahəni digər dövlətlərin maraqları naminə hərəkət edən Qərbyönlü qüvvələrdən təmizləmək üçün ritorikadan birbaşa fəaliyyətə keçib. Gürcüstan Parlamentinin Prosedur Məsələləri Komitəsi Konstitusiya Məhkəməsinə üç müxalifət partiyasının – “Birlik”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan – Lelo”nun fəaliyyətinin qadağan edilməsi üçün verilən iddia üzrə 88 millət vəkilinin imzalarının həqiqiliyini təsdiqləyib. İttihamlara sistematik insan haqlarının pozulması (2004-2012) və 2012-ci ildən sonrakı bütün seçkilərin legitimliyini tanımaqdan imtina daxildir. Müxalifət eyni zamanda 2008-ci il müharibəsinə səbəb olan hərəkətlərdə ittiham olunur. Müxalifət Gürcüstanı xaricdən "cəzalandırmağa" çalışır və ictimai narazılıqdan qanuni seçilmiş hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edir.
“Gürcü Arzusu” partiyası Qərbyönlü müxalifətə qarşı daxili sabotaj və xarici təsirlərdə iştirak ittihamlarının tam miqyaslı hüquqi rəsmiləşdirilməsinə start verib. Tbilisi hökumətin ölkənin suverenliyini bərpa etmək üçün hər şeyə hazır olduğunu nümayiş etdirir. Əvəzində Qərb tərəfdaşları ilə açıq qarşıdurma olsa belə, hökumətin geri çəkilmək fikri yoxdur.
Hikmət Həsənov
 
			
			 
			 
    			