Bakı Vaşinqtonun Qafqaz planında əsas mərkəzə çevrilir - ŞƏRH

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqtonla Bakı arasındakı münasibətlərdə nəzərəçarpacaq dərəcədə müsbət dinamika formalaşıb. Bayden administrasiyasının dövründə müşahidə edilən soyuqluq və ermənipərəst yanaşma artıq aradan qalxıb. Trampın qayıdışı ilə ABŞ–Azərbaycan əlaqələri tədricən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Bu dəyişimin ən mühüm göstəricilərindən biri 907-ci düzəlişin ləğvi və 8 avqustda Vaşinqtonda imzalanan Birgə Bəyannamə oldu. Bu sənəd Azərbaycan–ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıdı və rəsmi Bakını Vaşinqtonun regiondakı əsas strateji tərəfdaşlarından biri kimi möhkəmləndirdi.
Son məlumatlara əsasən, Azərbaycan ABŞ hökuməti ilə əlaqələri daha da sistemli və səmərəli etmək üçün yeni diplomatik format üzərində işləyir. ABŞ Dövlət Departamentinin məlumatına görə, yaxın günlərdə Bakıda Amerika–Azərbaycan Strateji Əməkdaşlıq Xartiyasının hazırlanması məqsədilə birgə işçi qrup fəaliyyətə başlayacaq.
Bu qrupun yaradılması iki ölkə arasında regional əlaqə, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Dövlət Departamenti bildirib ki, bu təşəbbüs ABŞ–Azərbaycan münasibətlərində yeni strateji mərhələnin əsasını qoyur.
Bununla yanaşı, Vaşinqton Bəyannaməsinin icrasına Ağ Evin xüsusi diqqət yetirməsi, ABŞ nümayəndə heyətlərinin Zəngəzur dəhlizi və enerji marşrutlarının icrasını mütəmadi izləməsi də bu münasibətlərin praktik məzmun qazandığını göstərir.
İndi Strateji İşçi Qrupu iki ölkə arasında proseslərin birbaşa nazirlik səviyyəsində koordinasiyası üçün vacib mexanizmə çevrilir. Bu, həm də ABŞ-ın regionda Azərbaycanın roluna verdiyi yüksək qiymətin göstəricisidir.
Əslində, Vaşinqtonun Bakıya yönəlik bu diqqəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasının nəticəsidir. Rəsmi Bakı artıq təkcə regional deyil, qlobal diplomatik oyunçu kimi tanınır. Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirdiyi təşəbbüslər Azərbaycanın həm regionda, həm də qlobal miqyasda söz sahibi olduğunu bir daha sübut edir.
Yeni strateji əməkdaşlıq formatı isə bu mövqeni daha da gücləndirəcək və Azərbaycanı Qərb–Şərq diplomatik xəttində aparıcı mərkəzlərdən birinə çevirəcək.
Hikmət Həsənov
 
			
			 
			 
    			