Bolqar siyasi ekspert: "Rusiya təhlükəsiz qonşu deyil, Bakı prinsipial siyasət yürüdür” - AÇIQLAMA

“Azərbaycan və Rusiya arasında son aylarda toplanan gərginlik fonunda liderlərin Düşənbədə görüşməsi mühüm əhəmiyyət daşıyırdı və yerində idi”.
Bu fikirləri təhlil.az saytına Bolqarıstanın Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin Qara dəniz və Xəzəryanı regionların problemləri laboratoriyasının müdiri, siyasi ekspert Teodor Deçev açıqlamasında deyib.
O bildirib ki, baş verənlərə Azərbaycanın reaksiyası tamamilə məntiqli və haqlı olub:
“Görünür hər iki tərəf toplanmış narazılığı, ən azı ictimai şəkildə, dərinləşdirmək istəmirdi. Əlbəttə, Bakı ilə Moskva arasındakı problemlərin əsas səbəbləri Rusiyanın davranışlarından qaynaqlanır. İlk növbədə, bu, Azərbaycanın hərbi təyyarəsinin vurulması insidentidir. Bundan əlavə, Rusiya tərəfindən Bakıya qarşı digər dostluqdan uzaq addımlar da atılmışdı”.
Ekspert söyləyib ki, yaranmış vəziyyət təkcə Bakını deyil, Azərbaycanın dostlarını da narahat edirdi:
“Azərbaycan tərəfi vurulmuş təyyarəyə görə təkcə üzr deyil, həm də kompensasiya tələb etdi. Bununla yanaşı, Azərbaycanın xüsusi xidmət orqanları öz ərazisində casusluq fəaliyyəti ilə məşğul olanlara qarşı adekvat tədbirlər gördü. Bu, istənilən özünə hörmət edən dövlətin qarşıdakı kəşfiyyata verəcəyi cavabdır ”.
T. Deçev vurğulayıb ki, Rusiya təhlükəsiz qonşu deyil və bu baxımdan Azərbaycan və Rusiya liderlərinin görüşü müəyyən mənada rahatlıq yaratdı:
“Amma unutmamalıyıq ki, Moskvanın niyyətləri barədə illüziyaya qapılmaq olmaz. Problemlər hələ də qalır və onlar kifayət qədər prinsipialdır”.
O qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə suverenlik və beynəlxalq hüquq prinsiplərindən çıxış edir:
“Azərbaycan Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışmaq, sərhədləri dəyişmək və hansı hökumətin hakimiyyətdə olacağına qərar vermək cəhdlərini qəbul etmir. Bu, ilk növbədə Ukrayna məsələsində aydın görünür. Bakı bu məsələdə prinsipial mövqe tutur və beynəlxalq hüquqa əsaslanır. Helsinkinin yekun aktına əsasən, digər ölkənin ərazisinin ilhaqı beynəlxalq hüquqa ziddir. Rusiya sadəcə olaraq Ukraynanın bir hissəsini götürüb Dövlət Duması və Federasiya Şurasının qərarı ilə “artıq bu, bizim ərazimizdir” deyə bilməz. Azərbaycan bu mövqedən çıxış edir və bu, Putini narahat edir”.
Ekspert həmçinin vurğulayıb ki, Azərbaycan Ukraynaya münasibətdə humanitar və prinsipial siyasət yürüdür:
“Azərbaycan Ukraynanın enerji infrastrukturuna humanitar yardım göstərib, transformatorlar göndərib. Putin üçün bu, bəlkə də mərmilərdən daha ağrılıdır, çünki Rusiya Kiyevi enerjisiz qoymaq istəyir. Amma Azərbaycan fərqli davranır – humanizm nümayiş etdirir”.
Rasim Babayev