Avronest İrəvanda təxribatçı qətnaməni rədd etdi – Ermənistanın hakim partiyası səs vermədi

Avronest Parlament Assambleyasında Qarabağı könüllü tərk etmiş ermənilərin “beynəlxalq təhlükəsizlik zəmanətləri altında Azərbaycana qayıtmaq hüququ”nu tələb edən qətnamə səsverməyə çıxarılıb, lakin sənəd rədd edilib.
Təhlil.az xəbər verir ki, qətnaməyə Ermənistan nümayəndə heyətinin müxalifət üzvləri təşəbbüs göstərib. Layihənin həmmüəllifləri Avropa Parlamentinin iki sosialist üzvü olub.
Lakin Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri bu təklifə qarşı çıxaraq həm öz fraksiyasını, həm də avropalı həmkarlarını sənədin əleyhinə səs verməyə inandıra biliblər.
Nəticədə, “Qarabağ ermənilərinin qayıdışı” ilə bağlı təxribat xarakterli qətnamə Avronestdə səs çoxluğu ilə rədd olunub.
Ermənistan fraksiyasının üzvü Artur Xaçatryan sosial şəbəkədə bildirib ki, bu təşəbbüs müxalifətin siyasi məqsədlərinə xidmət edir və hökumət belə addımları regionda sülh prosesinə zərbə kimi qiymətləndirir.