Avronestin İrəvan toplantısı Gürcüstanla Qərb arasında yeni gərginlik yaratdı - ŞƏRH

Gürcüstanda hökumət və müxalifət arasında siyasi qarşıdurma dərinləşməkdədir. Avropa qurumlarının müxalifətə verdiyi açıq dəstək bu düşərgədə ruh yüksəkliyi yaratsa da, Tiflis–Brüssel münasibətlərində gərginliyin artmasına səbəb olub. Ermənistanın paytaxtı İrəvanda keçirilən Avronest Parlament Assambleyasının iclasında Gürcüstan hökumətinin iştirakdan imtina etməsi də bu gərginliyin bariz göstəricisidir. Daha da maraqlısı odur ki, Avronest nümayəndələri iclasda məhz Gürcüstan müxalifətini görməkdən məmnunluq ifadə ediblər. Bu isə Avropa Parlamentinin Tiflisə qarşı münasibətindəki ikili standartları bir daha ortaya qoyur.
Gürcü müxalifəti isə hökumətə təzyiq göstərmək üçün yeni vasitələr axtarır. “Gürcü Arzusu” partiyasının keçmiş deputatı Gedevan Popxadze və bir qrup fəal parlament binasının qarşısında aclıq aksiyasına başlayıb. Onların əsas tələbləri siyasi məhbusların azad olunması və növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
Etiraz formasının bu dəfə aclıq aksiyası kimi seçilməsi təsadüfi deyil. Hökumət küçə aksiyalarını tənzimləyən qanunvericiliyə dəyişikliklər edib və qaydaları pozanlara qarşı cəzaları sərtləşdirib. Bu da müxalifətin kütləvi nümayişlər təşkil etmək imkanlarını məhdudlaşdırıb. Son nəticədə ölkədə etiraz aksiyalarının intensivliyi azalıb.
Bununla belə, müxalifət siyasi dialoq və qanuni iştirak əvəzinə, hökumətə qarşı şantaj və manipulyasiya vasitələrindən istifadə etməyə üstünlük verir. Paradoks ondadır ki, Gürcüstan hökuməti müxalifətin siyasi proseslərdə iştirakına mane olmur. Əksinə, yaxın zamanda müxalifət partiyalarından biri əvvəlki seçkilərdə qazandığı mandatları qəbul etdiyini açıqlayıb.
Hökumət yalnız qanunlara əməl olunmasını tələb edir. Görünür, bir çox müxalifət hərəkatları xarici dairələrdən dəstək aldıqları üçün daxili siyasi qaydalara əməl etməkdə maraqlı deyillər. Gürcüstanda baş verənlər bir daha göstərir ki, Qərb dəstəyinə arxalanan müxalifət demokratiya və sabitlik naminə deyil, hakimiyyət uğrunda siyasi şantaj yolunu seçib.
Hikmət Həsənov