Bu gün

Paris Sülh Forumu başlayıb, Azərbaycan tədbirdə təmsil olunur

Bu gün Paris Sülh Forumu işə başlayıb. 2018-ci ildən etibarən keçirilən Paris Sülh Forumu, dəyişən dünyada diplomatiyanın yeni formasını tapmaq və qlobal ictimai dəyərlərin idarə edilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Təhlil.az xəbər verir ki, Parisdə “Palais de Chaillot” sarayında keçirilən 8-ci Forum, “Sülh, Xalqlar və Planet naminə Yeni Koalisiyalar” mövzusu ilə öz missiyasını daha da aktuallaşdırır.

Tədbirdə dövlət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və alimlər – həm Şimal, həm də Qlobal Cənub ölkələrindən olan iştirakçılar – bu günün ən aktual problemlərinə dair həll yolları üzərində müzakirələr aparacaqlar.

Paris Sülh Forumu çərçivəsində COP Prezidentləri Dərnəyi paneli çərçivəsində “Planet üçün yeni koalisiyalar” adlı müzakirələr keçiriləcək.

Forumda həmçinin, COP30 Prezidenti Andre Korrea do Laqo tərəfindən yaradılmış və Loren Fabiusun sədrliyi ilə fəaliyyət göstərən COP Prezidentləri Dərnəyinin (Circle of COP Presidents) üzvləri iqlimlə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Andre Korrea do Laqo BMT-nin tərəflərinə ünvanladığı məktubda bildirib ki, bu Dərnəyin məqsədi iqlim böhranının təcili xarakteri nəzərə alınaraq, iqlim idarəçiliyinin gücləndirilməsi və qərarların qəbulunda elastiklik, hazırlıqlı olmaq və uzaqgörənlik nümayiş etdirməkdir.

Paneldə iştirakçılar Belem şəhərində keçiriləcək COP30 konfransına hazırlıq ərəfəsində, cari iqlim vəziyyətini və COP-ların bu prosesdə oynadığı rolu təhlil edəcəklər.

Azərbaycan bu paneldə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ilə təmsil olunur.

Paris Sülh Forumu bu il də beynəlxalq əməkdaşlığın bərpası, sülhün qorunması və planetimizin gələcəyi uğrunda yeni diplomatik tərəfdaşlıqların yaradılmasına səhnə olacaq. Azərbaycanın bu tədbirdə iştirakı ölkəmizin qlobal iqlim proseslərində artan rolunun bariz göstəricisidir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?