Bu gün

Paşinyan erməni kilsəsinin resurslarını sıradan çıxarır - ŞƏRH

Ermənistanın daxili siyasi mühitində hökumətlə Apostol Kilsəsi arasındakı qarşıdurma yeni fazaya qədəm qoyub. Bir müddət əvvəl bir neçə din xadiminin haqlı səbəblərlə həbsə göndərilməsindən sonra Paşinyan yenidən hərəkətə keçib. Baş nazirin əsas məqsədi II Qaregini kilsə rəhbərliyindən uzaqlaşdırmaq, yerinə öz adamını gətirməkdir. Bununla da hakimiyyət kilsənin insanlar üzərində manipulativ təsirini azaltmaq, dünyəvi dövlət qurmaq niyyətlərini ortaya qoyur. Sirr deyil ki, erməni kilsəsi uzun illər sadə insanların beynini zəhərləməklə saçma ideologiyalar ortaya atıb, nəticədə Ermənistan təcrid vəziyyətinə qədər çatıb. Dördüncü respublikanı elan edən, ölkəni Rusiyanın boyunduruğundan qurtarıb Qərbə doğru aparmaq istəyən Baş nazirin yolundakı ən böyük əngəllərdən biri də məhz kilsədir. Son təzyiqlər fonunda hökumət yeni addım atıb. Bu dəfə isə söhbət Apostol Kilsəsinin informasiya resursunun bağlanmasından gedir.

Ermənistan parlamenti ictimai yayımçı statusuna malik televiziya kanallarının sayını üçdən ikiyə endirəcək düzəliş layihəsini birinci oxunuşda qəbul edib. Bu isə o deməkdir ki, kilsənin “Şoqakat” televiziya kanalı bu yaxınlarda bağlanacaq. Deputatlar və hökumət bildirir ki, kanal rəqabət əsası olmadan maliyyələşdirilir və 3 milyard dram daha səmərəli şəkildə xərclənə bilər. Eyni zamanda qeyd etmək yerinə düşər ki, hökumətin bu qərarının arxasında ciddi siyasi səbəblər də var. Özünü mədəni və dini kanal kimi təqdim etsə də, “Şoqakat” əsində siyasi müxalifətin fikrini və tezislərini diktə edir. Bu isə seçki ərəfəsində konkret olaraq hökumətə fayda verməz. Əksinə, kilsə televiziya təbliğatı vasitəsilə ölkədə bir sıra qarışıqlıqlara səbəb də ola bilər. Bu sıraya müxalifətin çağırışlarının yayımlanması, dindar təbəqənin zəif damarına işləyərək küçə iğtişaşlarına səsləmələr də daxildir.

Əslində telekanalın bağlanması kilsəni dövlətdən ayırmaq üçün Paşinyanın hələ bir neçə il əvvəl başlatdığı kampaniyanın davamı sayılmalıdır. Bir müddət əvvəl məktəb proqramından apostol kilsəsinin tarixi kimi fənnin ləğvi də bu plana xidmət edirdi. Paşinyan məntiqi ardıcıllıqla kilsənin xalqa təsir vasitələrini sıradan çıxarır, dövlətin işlərinə qarışmasının qarşısını alır. Bununla da Apostol Kilsəsinin erməni kimliyini qoruyan saxta obrazı dağılmağa doğru gedir. Eyni zamanda, kilsə daxilində baş verən intriqalar da ruhani idarədə çatların ciddiliyindən xəbər verir. II Qaregin və ətrafı tərəfindən zamanında kilsədən qovulan ruhaniləri geri qaytarmaq, yeni sistem qurmaq da planlar arasındadır. Dövlət balansında olan məbəd, qüllə və digər kilsə obyektləri də məhz bu şəxslərə veriləcək. Bu barədə hakimiyyətə yaxın mənbələr bildirirlər.

Beləliklə, Baş nazir Apostol Kilsəsi ilə haqq-hesab çürütmək üçün bütün planlarını işə salıb. Uzun müddət davam edən qarşıdurma artıq kuliminasiya nöqtəsinə yaxınlaşmaqdadır.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?