Bu gün

Ermənistan seçkiyə hazırlaşır - Paşinyan revanşistləri sıradan çıxarır - ŞƏRH

Ermənistanın siyasi mühitində yeni dövrə qədəm qoyulub. 2026-cı ilin iyun ayına təyin edilmiş seçkilərə 8 ay qaldığı üçün hökumət yeni prinsip üzrə hərəkətə keçib. Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra regionda yaranan yeni reallıq artıq “Vətəndaş müqaviləsi”ni hərəkətə keçməyə vadar edir. 

Azərbaycanın Ermənistana daşınan yüklərə qoyduğu qadağanı Oktyabrın 21-də ləğv etməsi və bu çərçivədə Qazaxıstandan çıxan yükün Ermənistana doğru hərəkət etməsi hakim partiyanı ruhlandırıb. Bu, əslində Azərbaycanın dəstəyi ilə Rusiya boyunduruğundan qurtulmaq üçün Paşinyana böyük imkanlar verir. Artıq Moskvanın Yuxarı Lars keçid məntəqəsindəki monopoliyasının əbədi olmadığını həm erməni hökuməti, həm də cəmiyyəti dərk edir. Paralel olaraq, 21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin İrəvanda dəyirmi masa keçirməsi də sülhə doğru bir addım sayılır. Bu səbəbdən də Nikol Paşinyan erməni xalqına gözəl gələcək vəd edərək, sülh və inkişaf şüarları ilə seçkiyə doğru gedir. Amma ölkədə revanşist qüvvələr uzun illər kök saldığın görə onlarla da haqq-hesab çürütmək parlament seçkiləri üçün vacib amil sayılır. Ötən günlərdə Gümrü şəhər meri Vardan Qukasyanın rüşvətxorluğa görə həbs edilməsi əslində revanşistlərə bir siqnal idi.

Rusiyapərəst mövqeyi ilə seçilən Qukasyanı Gümrüdə qalib gəlmək üçün eks-prezidentlər-Serj Sarkisyan və Robert Köçəryanla yanaşı, Apostol Kilsəsi də dəstəkləmişdi. Çıxışlarında Rusiya ilə ittifaq qurmağın Ermənistan üçün çox vacib olduğunu dilə gətirən Qukasyan elə bu fikrinə görə də Baş nazirin radarına düşmüşdü. Oktyabrın 2-də parlamentdə çıxışı zamanı Paşinyan qeyd edib ki, Ermənistanın suverenliyinə xələl gətirən insanlara qarşı hərəkətə keçəcək. Gümrü merinin həbsinə bu prizmadan da yanaşmaq lazımdır. Paşinyan revanşistlərin qalası sayılan Gümrünü “fəth etdi”. Bununla da Baş nazir cəmiyyətə mesaj ötürdü ki, revanşislərə qarşı fəaliyyət bundan sonra da davam edəcək.

Ötən gün isə Ararat vilayətinin Masis rayonunun icra başçısı David Ambarsumyan həbs edilib. Məhkəmə onu 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci il Məxməri İnqilabı zamanı "silah istifadə edərək kütləvi iğtişaşlar" təşkil etmək ittihamı ilə həbs edilən  Ambarsumyan eyni zamanda “Mənim şərəfim var” fraksiyası tərəfindən Baş nazir postuna da namizəd göstərilmişdi. Bir müddət əvvəl erməni müxalifəti parlamentdə Baş nazirə qarşı etimadsızlıq votumu təşkil etmək istəyirdi. Plana görə, Ambarsumyan müvəqqəti baş nazir olmalı, sonradan seçkilər keçirilməli idi. “Mənim şərəfim var” fraksiyası isə eks-prezident Serj Sarkisyanın Respublika partiyasına bağlıdır və buradan da görünür ki, onun Masisə rəhbər təyin edilməsi, hakimiyyətə qarşı atdığı addımlar elə birbaşa Sarkisyan tərəfindən idarə edilib. 

Paşinyan isə seçkilərə yaxşı hazırlaşmaq üçün revanşistlərin qalalarını yıxmağa davam edir.

Hikmət Həsənov
 

 

 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?