Ərdoğan: Türkiyə Rusiya-ABŞ sammitini qəbul etməyə hazırdır

Rəcəb Tayyib Ərdoğan Türkiyənin öz ərazisində Rusiya-ABŞ sammitini təşkil etməyə hazır olduğunu açıqlayıb. Təhlil.az xəbər verir ki, bu barədə o, Fars körfəzi ölkələrinə səfərdən qayıdarkən jurnalistlərə bildirib.
"Ukrayna nizamlanmasının sülh yolu ilə həllində Türkiyə və İstanbulun əhəmiyyəti bir daha aydın oldu. Biz istənilən vaxt Ukrayna üzrə danışıqları təşkil etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. Biz inanırıq ki, istənilən dialoq bu müharibənin sona çatmasına töhfə verəcək. Lap əvvəlindən biz bu mövqedən çıxış etmişik, bunun üzərində işləmişik və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var və biz hər ikisinin etimadını qazanmış bir ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və biz bu vəziyyətdən bəşəriyyətin rifahı üçün istifadə etməkdə qərarlıyıq", - deyə Ərdoğan Rusiya və ABŞ liderləri arasında danışıqların perspektivləri və Ukrayna üzrə İstanbul danışıqlarının gələcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.