İlin sonuna qədər iki nadir Super Ay hadisəsi müşahidə olunacaq

İlin sonuna qədər gecə səmasında iki nadir Super Ay hadisəsi müşahidə olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.
Məlumata əsasən, təbiətin bu gözəl hadisəsi noyabrın 5-də və dekabrın 4-də baş verəcək.
Super Ay, Ayın tam dolu fazasının onun Yerə ən yaxın nöqtəsində — perigeydə olması zamanı müşahidə olunur. Bu məsafə 360 000 kilometrdən az olduqda, Ay adi dolunaydan 7–14% daha böyük və 15–30% daha parlaq görünür.
Mütəxəssislərin hesablamalarına görə, noyabrın 5-də və dekabrın 4-də Ay adi dolunaydan təxminən 8% böyük, 16% daha parlaq olacaq.
Noyabrın 5-də məsafə — 356 832 km,
Dekabrın 4-də məsafə — 356 961 km təşkil edəcək.
Tarixi qeydlərə görə, Ayın Yerə ən çox yaxınlaşması 1912-ci il yanvarın 4-də baş verib — məsafə cəmi 356 375 km olub. Növbəti bu qədər yaxınlaşma isə 2034-cü il noyabrın 25-də gözlənilir.
Alimlər bildirirlər ki, Super Ayın insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, Ay Yerə yaxınlaşdıqda onun cazibə qüvvəsi okean və dənizlərdə su səviyyəsinin 3–5 santimetrədək qalxmasına səbəb ola bilər.