Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başlanıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.
Təhlil.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan istintaq 4 iyulda eyni ittihamla həbs edilən Hüseyn Günün rəqəmsal materiallarına əsaslanır.
Prokurorluğun məlumatında qeyd olunub ki, Hüseyn Gün “bir çox xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxlayıb” və İmamoğlunun müşaviri Necati Özkana təlimat verdiyini göstərən danışıqlar aparıb.
Açıqlamada həmçinin jurnalist Merdan Yanardağın da istintaqa cəlb olunduğu bildirilir. Onun Hüseyn Günlə “casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqə və yazışmalarının olduğu”, 2019-cu il yerli seçkiləri zamanı “xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi və seçki prosesini manipulyasiya etdiyi” iddia olunur.
İstintaq çərçivəsində həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı digər cinayət işi üzrə “İstanbul Senin” tətbiqi vasitəsilə 4,7 milyon, “İBB HANEM” tətbiqi ilə isə 11 milyon insanın məlumatlarının xarici ölkələrə ötürüldüyü iddia edilib.
Hazırda aparılan istintaq çərçivəsində 13 nəfər barəsində həbs qərarı çıxarılıb.