Budapeşt sammiti təxirə salındı: Tramp və Putin razılığa gələ bilmədi

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.
Təhlil.az xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rütte ilə birgə keçirdiyi brifinqdə bildirib.
Trampın sözlərinə görə, görüşün bu mərhələdə keçirilməsi “düzgün addım olmazdı”:
“Putinlə görüşü ləğv etdim. Sadəcə, bunun doğru olmadığını düşündüm. Lazımi nəticəyə çata bilməzdik. Amma gələcəkdə bu görüş baş tutacaq”, – deyə Tramp vurğulayıb.
O qeyd edib ki, Putinlə əvvəlki danışıqlar “yaxşı keçsə də, konkret nəticə verməyib”. Trampın fikrincə, “Putin hər şeyi bir anda əldə etmək istəyir, hissə-hissə deyil” və hazırda “danışıqlara hazır deyil”.
ABŞ Prezidenti həmçinin ümid etdiyini bildirib ki, “Putin ağıllı davranacaq, ümid edirəm, Zelenski də elə”.
Onun sözlərinə görə, “danışıqlar üçün iki tərəf lazımdır”.
Tramp Rusiyanın və Ukraynanın cəbhə xəttindəki mövqeləri sabitləşdirib hərbi əməliyyatları dayandırmalı olduğunu da bəyan edib. O, ABŞ-nin dünyanın ən böyük nüvə arsenalına malik olduğunu, ardınca Rusiyanın və Çinin gəldiyini qeyd edərək bildirib ki, “4–5 ildən sonra Çin bu sahədə onlara çatacaq”.
Sanksiyalarla bağlı suala cavabında Tramp deyib: “Düşünürdüm ki, artıq vaxtıdır. Uzun müddət gözlədik”.
Qeyd edək ki, Tramp və Putin Budapeştdəki görüş barədə oktyabrın 16-da keçirilən telefon danışığı zamanı razılığa gəliblər.
Görüşün dəqiq tarixi açıqlanmasa da, oktyabrın 21-də Financial Times və The Telegraph nəşrləri sammitin ləğv olunduğunu yazıb.
Məlumata görə, qərar ABŞ dövlət katibi Marko Rubionun oktyabrın 20-də Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığından sonra qəbul edilib.