Tramp Putinlə görüş barədə: “Vaxtımı boş yerə sərf etmək istəmirəm”

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşə münasibət bildirərək qeyd edib ki, bu barədə hələlik yekun qərar qəbul olunmayıb.
Təhlil.az xəbər verir ki, bu fikirləri Tramp Ağ Evdə keçirilən Divali bayramı tədbirində səsləndirib.
“Mən görüşü mənasız keçirmək istəmirəm. Vaxtımı boş yerə sərf etmək fikrim yoxdur. Gözləyək, görək nə baş verir. Qərar hələ qəbul olunmayıb,” – deyə Tramp bildirib.
Jurnalistlərin “Putinlə son danışıqdan sonra fikrinizin dəyişməsinə səbəb nədir və niyə Budapeştdəki sammiti vaxt itkisi hesab edə bilərsiniz?” sualına cavab olaraq Tramp deyib:
“Mən elə bir şey deməmişəm. Heç vaxt deməmişəm ki, bu belə olacaq.”
ABŞ Prezidenti həmçinin Ukrayna ilə bağlı vəziyyətə toxunaraq bildirib ki, proseslər dinamik şəkildə davam edir:
“Heç vaxt bilmək olmur, nə baş verəcək. Ukrayna məsələsində çox şey baş verir. Qarşıdakı iki gün ərzində atacağımız addımlarla bağlı sizi məlumatlandıracağıq,” – deyə Tramp əlavə edib.