Bu gün

Paşinyan Gümrüdə siyasi rəqiblərini sıradan çıxarır - ŞƏRH

20 oktyabr tarixində Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə vəziyyət gərginləşib. Hüquq-mühafizə orqanları meriya binasına daxil olaraq, bu yaxınlarda bələdiyyə sədri seçilən Vardan Qukasyanı həbs ediblər. O, korrupsiya ittihamı ilə saxlanılıb.

Əslində, hakim partiya ilə Gümrü meriyası arasındakı gərginliyin kökü əvvəlki illərə gedib çıxır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası bələdiyyə seçkilərində məhz Gümrüdə məğlub olmuşdu. Şəhərdə qalib gələn Vardan Qukasyan isə Rusiyaya yaxın mövqeyi ilə tanınırdı. Bu hal Paşinyanın komandasını narahat edib, çünki Gümrü həm də Rusiyanın hərbi bazasının yerləşdiyi strateji əhəmiyyətli şəhərdir. Gələcək parlament seçkiləri ərəfəsində belə bir şəhəri “itirilmək” hökumətin planlarına uyğun deyil.

Qukasyan daha əvvəl dəfələrlə Rusiyaya dəstək aksiyalarının təşkilatçısı olub. O, Paşinyan tərəfdarlarının Gümrüdəki rus hərbi bazası əleyhinə keçirdiyi etirazlara qarşı aksiya təşkil etmişdi. Məhz buna görə də onun həbsi yalnız korrupsiya ittihamı kimi deyil, həm də siyasi motivli addım kimi qiymətləndirilir.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına əsasən, Vardan Qukasyana və daha 7 nəfərə qarşı cinayət işi açılıb. Onlar tikinti ilə bağlı korrupsiya sxemi hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, Qukasyan və şəhərin baş memarı sökülməsi nəzərdə tutulan 1500 kvadratmetr sahəsi olan qanunsuz binanın leqallaşdırılması üçün dörd milyon dram (təxminən 10 min dollar) məbləğində rüşvət alıblar. Eyni zamanda, bələdiyyə sədrinin yaxın qohumlarına məxsus torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi və icazəsiz tikintilərin leqallaşdırılması cəhdləri ilə bağlı da ittihamlar mövcuddur.

Qukasyanın həbsi ölkədə müxalifət və iqtidar arasında yeni qarşıdurmaya səbəb olub. Hakim partiya hadisəni qanun çərçivəsində addım kimi qiymətləndirir. Parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, “Qukasyana köhnə vərdişinə — rüşvətxorluğa qayıtmaq üçün cəmi altı ay və bir gün kifayət edib”.

Müxalifət isə Gümrü hadisələrini siyasi repressiya kimi qiymətləndirir. Respublikaçı partiyanın nümayəndəsi Armen Aşotyan qeyd edib ki, “Paşinyanın demokratiya köpüyü artıq partlayıb. O, Qərbə demokratiya görüntüsü satır, amma ölkədə avtoritar meyllər güclənir”.

Qeyd edək ki, Vardan Qukasyan həm Paşinyan hakimiyyətinə qarşı çıxışları ilə tanınır, həm də Rusiya meylli siyasətçi hesab olunur. Seçkilər yaxınlaşdıqca bu tip fiqurların hakimiyyətdə qalması Paşinyan komandasının maraqlarına ziddir. Bundan əlavə, Qukasyanın mer seçilməsində kilsənin, eləcə də sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın da dəstəyi olduğu bildirilir. Onların Qukasyandan gələcək parlament seçkilərində siyasi alət kimi istifadə edə biləcəyi ehtimal olunur.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?