Gələn il 5 su elektrik stansiyası istifadəyə veriləcək

Hazırda Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyasının (KSES) tikintisi davam edir. 2026-cı ildə isə daha 5 stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov 20 Oktyabr – Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirib.
Nazir qeyd edib ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq gedir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş və külək enerjisi hesabına ümumi istehsal gücünün 1,6 QVt-a çatdırılması nəzərdə tutulur ki, bu da daxili tələbatdan iki dəfə artıq enerji istehsalı deməkdir.
Şahbazov vurğulayıb ki, su elektrik stansiyaları bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kilovat/saat elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını, 60 faizi isə ölkənin ümumi enerji sistemini təmin edib.
Hazırda su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq 307 MVt gücündə 38 stansiya artıq istismara verilib. Bunun nəticəsində ildə 800 milyon kVt·saatdan çox “yaşıl enerji” istehsal olunur, 200 milyon kubmetr təbii qaza qənaət edilir və istixana qazı emissiyaları 400 min tondan çox azalır.