Tramp və Putin Budapeştdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə iki saatdan artıq davam edən telefon danışığı aparıb.
Təhlil.az xəbər verir ki, Tramp sosial şəbəkədə yayımladığı açıqlamada bildirib ki, söhbət “çox məhsuldar” keçib:
“Az əvvəl Prezident Putinlə çox məhsuldar bir söhbəti başa vurmuşam. O, Yaxın Şərqdə sülhün bərpası münasibətilə məni və ABŞ-ı təbrik etdi və bunun Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsinə kömək edə biləcəyini bildirdi”.
ABŞ liderinin sözlərinə görə, danışıqlar zamanı müharibədən sonrakı ticarət məsələləri də müzakirə olunub:
“Biz razılaşdıq ki, gələn həftə dövlət katibi Marko Rubionun rəhbərliyi ilə yüksək səviyyəli müşavirlərimiz görüşsün. Bundan sonra mən və Prezident Putin Budapeştdə görüşərək müharibənin bitməsi yollarını müzakirə edəcəyik”.
Tramp əlavə edib ki, sabah Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Putinlə aparılan söhbətin detalları barədə fikir mübadiləsi aparacaq:
“Böyük irəliləyiş əldə olunub”, – deyə ABŞ Prezidenti vurğulayıb.